Tarixi arayış: 1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da “İsanın anadan olmasının 1828-ci ilində” gecə münəccimin təyin etdiyi vaxtda, saat 12:00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı. (Второе полн. собр. законов, т. III, № 1794, СПб, 1830; Акты, относящиеся до заключения мира с Персией. Изд. Лазаревского ин-та, Спб, 1828.)
Müqavilənin əsas müddəaları Peterburqda hazırlanmışdı. Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynamışdır. İlk olaraq 1826-cı ildə ilk müddəalar yazılmış, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qirboyedov və Obresk tərəfindən əlavələr edilmişdir. Səfir A.Qriboyedov sabahı gün bu “xoş xəbər”i Rusiya paytaxtına çatdırdı və Petropavlovsk qalasından da top atəşləri açıldı. Azərbaycanın tarixində faciələrə yol açan bu müqavilənin xəbərini hökmdara çatdıran İvan Paskeviç qraf elan edildi. Türkmənçay sazişinin digər iştirakçısı, “Ağıldan bəla” komediyasının müəllifi A.Qriboyedova 4000 çervon ənam, A.Obrezkovun nişanlısına isə üç yüz minlik cehiz hədiyyə edildi.
Müqaviləyə görə, İrəvan və Naxçıvan Rusiyaya verildi, Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi. Bundan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı və xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü. Tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.
Hüquqi arayış: Bəs bu müqavilənin ləğvi mümkündürmü sualına beynəlxalq hüquq nə deyir:
1) Rusiya ərazisində yaranan sovet Rusiyası ilə İran arasında 1921-ci ilin fevralında Moskva müqaviləsi imzalanıb. Həmin müqavilənin şərtlərinə görə, Çar Rusiyası ilə İran arasında o tarixə qədər bağlanmış bütün müqavilələr o cümlədən də Türkmənçay müqaviləsi qüvvədən düşmüş hesab edildi. Bu gün artıq Türkmənçay müqaviləsi qüvvədə deyil. Ancaq Türkmənçay müqaviləsi ilə müəyyən edilən sərhədlər başqa müqavilələrlə də təsdiqlənir.
2) 1979-cu ildə İran islam inqilabı nəticəsində süqut etdi. Bu zaman da yeni yaranmış İİR şahlığı xələf kimi görmədi və hər şeyi sıfırdan başlamaq qərarına gəldi. Yəni İran şahlığının hüquq və öhdəlikləri İİR-a şamil olunmur, o cümlədən Türkmənçay müqaviləsindən də irəli gələn öhdəliklər və səlahiyyətlər. Bu o deməkdir ki, İran cənubi Azərbaycanı əldə saxlamaq üçün Türkmənçay müqaviləsinə istinad edə bilməz. bu müqavilə artıq mövcud deyildir. Çünki müqaviləni bağlayan subyektlər hüquq varisi qoymadan ləğv olunmuşdur.
3) Türkmənçay müqaviləsinin Peterburq variantında ermənilərin köçürülməsi və ümumiyyətlə, ermənilərə aid heç bir cümlə olmayıb. Müqavilənin orijinal nüsxəsi olan “1826,1827 və 1828-ci illər ərzində Paskeviç və onun yavəri Buturlin arasında gizli və hərbi yazışmalar” adlı sənəddə ermənilər haqqında bir cümləyə belə rast gəlinmir. (Л.С. Семенов, «О некоторых источниках по истории русско-персидских отношений первой третиXIX в.», «Вестник Ленингр. У-та \ 1959, У.). Bu müqavilənin Fransız nüsxəsində də şəxsən erməni sözünə rast gəlməmişəm. Buna görə də sonradan bura həm xristian əhali sözünün dəyişilərək erməni sözünün keşiş Nersesin və Qirbayedovun əlavə edilərək 4-cü və 13-cü maddələr tamamilə dəyişməsini əsas gətirərək bu müqavilənin orjinal nüsxəsi ilə əks fikirlər təşkil etməsi bizə bu müqavilənin qüvvədən düşməsini yaxud da yenidən baxılmasını tələb etmək haqqı verir.
4) Beynəlxalq hüquqa görə Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından hüquqi qüvvəsini çoxdan itirib. Məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq özünü Rusiya imperiyasının varisi elan etməyib. Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarmalı olsun. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə, müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir və mahiyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur.
5) İranla Rusiya arasında imzalanan Gülüstan və Tükmənçay müqavilələri Azərbaycanın işğal faktını rəsmiləşdirmək üçün imzalanıb: “Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilməmiş dövlət strukturu yox idi. Bu hər iki müqavilə isə İranla Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq başqa bir dövlətin əraziləri iki dövlətin arasında bölüşdürülüb”.
6) Türkmənçay müqaviləsinin ləğvi ilk anda İran ərazisindəki tarixi Azərbaycan torpaqlarının müstəqilliyi məsələsini aktuallaşdıracaq və bu qaçılmazdır. Beynəlxalq hüququn “Xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipi Cənubi Azərbaycana da şamil olunur və Cənubi Azərbaycan ya bu imkandan faydalanıb müstəqilliyə qovuşacaq, ya da “Türkmənçay” sülh müqaviləsinin ləğvi bu prosesi sürətləndirəcək. Amma demək olmaz ki, “Türkmənçay” sülh müqaviləsi ləğv olunsa, Cənubi Azərbaycan dərhal müstəqil olacaq, sadəcə onun müstəqil olmasına əsas verən amillər güclənəcək.Qeyd edim ki, bu hüquqla belədir. Amma reallıq da var. Bu müqavilələrin legitimliyini itirməsi nəticəsində İrandan ayrılmalı olan Güney Azərbaycan hansı ərazilərdən və hansı hüquqi varislikdən ibarətdir sualına ilk olaraq cavab tapmalyıq? Qacarlar xanlıq dövrü sonrası Güney Azərbaycanı özlərinə birləşdirəndə Güneydə hüquqi olaraq 10-dan çox fərqli xanlıq var idi. Onlar heç biri indi yoxdur ki Güneyin azadlığı məsələsinə hüquqi müstəvidən iddia edərək irəli çıxsınlar. Ən sona qalan Maku xanlığı idi 1920-ci illərdə ləğv edilib. Yəni Güney məsələsinə hüquqi vərəsəlik baxımından yox, sadəcə Güneyin öz milli-azadlığı baxımından yanaşmaq doğrudur.
Siyasi arayış:
Bəs niyə Gülüstan, ardınca da Türkmənçay müqavilləri imzalandı. Rellıq budur ki, bu müqavilələr Rusiya və Qacar dövləti arasında imzalanan zaman Şərqdə 600 illik böyük dövlətçilik ənənələri olan Osmanlı imperiyası var idi. Buna görə də dünyanın o zamankı ağaları Fransa və İngiltərə bu məsələdə susdular. İngiltərə və Fransa bu coğrafiyada Osmanlıdan sonra ikinci bir türk dövlətinin yaranmasını istəməzdi, amma Qacarları da devirmək mümkün deyildi. Onlara Osmanlı ilə mücadilə edəcək fars dövləti lazım idi. Buna görə də Qacar xəndanının yıxılması prosesi bu müqavilələrdən sonra başlandı. Avropaya və Rusiyaya Osmanlı ilə üz üzə duracaq bir dövlət lazım idi, Qacarlar isə o dərəcdə Avropaya inandılar ki, ölkə ərazisində Türk dilinə qadağa qoydular İngiltərə və Fransanın planı bvaş tutmuşdu. Ardında Pəhləvilərin hakimiyyətə gəlməsində də Avropa ölkələrinin rolu böyük olmuşdu. Amma Avropanın planın Pəhləvilərin Amerika yönümlü olması pozdu, buna görə də 1970-ci il Ağ inqilab adlandırdığımız olayda mollaları hakimiyyətə gətirdilər. Buna görə də Qacarları zaman zaman farslarla əvəz etmək planı işə düşdü. Nəticə. XX əsrin əvvələrindən bu günə qədər də İran adlanan dövlətdə hakimiyyətdə farslar rəhbərlik edirlər. Məhz bu gün də İranda türklərin hakimiyyətə gətirilməsi Qərb və Rusiyanın maraqlarına xidmət etmir, düzdü İrana qarşı sanskiyalar, təyziqlər var, amma bu regionda üçüncü Türk dövlətinin yaradılması üçün deyil. Çünki Türkiyə kimi güclü dövlətin yenidən 600 illik bir imperiya olması qorxusunu Qərb və Avropa yaşayırlar.
Zaur Əliyev, dosent