Son günlər Qarabağdan ermənilərin kütləvi Ermənistana axın etməsi həm separatçıları, həm də erməni mediasını təşvişə salıb. Maraqlıdır ki, son bir həftə ərzində ümümilikdə yaşı 19-35 arası olan 140 nəfər erməni Qarabağı tərk edib.
Bu gün erməni nəşrləri bu statistikanı yaymaqla Qarabağdakı erməni silahlılarının ərazini tərk etdiyini qorxu ilə paylaşır. “Hraparaq” nəşri iddia edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ordusunun Qarabağda olan bölmələrinin təcili ərazini tərk etmələrinə göstəriş verib.
Nəşr iddia edir ki, məhz bundan sonra erməni ordusunun əsgər və zabitləri mülki geyimdə Qarabağı tərk etməyə başlayıblar. Həmçinin nəşr iddia edir ki, separatçıların yeni rəhbəri Samvel Şahramanyan bununla bağlı iclas keçirib, əsas məsələ isə Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Ermənistana gedənlər olub.
“Hraparaq”ın yazdığına görə bundan sonra yaşı 18-35 arası olan ermənilər Qarabağı yalnız qondarma rejimin rəhbərinin icazəsi ilə tərk edə biləcək.
Görünən odur ki, Nikol Paşinyanın Ermənistan ordusunun əsgər və zabitlərinin Qarabağı tərk etməsi haqqında verdiyi əmr, həm separatçıları, həm də Rusiyanı narahat edib.
Ermənistanda ABŞ-la birlikdə hərbi təlimlər keçirən rəsmi İrəvan Moskvanın qəzəbinə tuş gəlib. Bundan sonrakı çıxışlarında Paşinyan Azərbaycanla danışıqlar aparmaq üçün cəhdlər edib. Hətta erməni mediası iddia edib ki, yaxın günlərdə sülh müqaviləsi bağlana bilər. Görünən odur ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəmir. Məhz rusların göstərişi ilə Qarabağdakı separatçılar təxribat törətməyə vəziyyəti daima gərginlikdə saxlamağa çalışırlar.
Əgər belə olmasaydı Rusiya sülhməramlılarının məsuliyyət zonasından bu təxribatlar törədilməzdi. Bir sözlə Rusiya Qarabağda daim gərginliyin qalmasının tərəfdarıdır. Sülhməramlı missiyanı yerinə yetirməli olan Rusiya isə keçən üç il ərzində bunu bacarmayıb və yaxud daha çox erməniməramlı olub. Qarabağda Rusiyanın diktəsi ilə oturub duran separatçılar isə təxribatlarına ara vermir. Görünən isə odur ki, bu təxribatlar davam edəcəyi təqdirdə Azərbaycanın anti-terror əməliyyatı keçirməkdən başqa yolu qalmayacaq.
Qoşqar Salmanlı