image-rt-reklam
image-img-20260806-wa0088backend

David Seliverstov yayılan iddialarla bağlı açıqlama verib: “İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir”

image-728x90

Hüquq müdafiəçisi David Seliverstov son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə onun haqqında yayılan məlumatlarla bağlı açıqlama yayıb.

O bildirib ki, indiyədək məsələ ilə bağlı susmağı üstün tutub, lakin cəmiyyətdə yaranan suallar və ona göstərilən dəstək açıqlama verməsini zəruri edib:

“Bəzi media resurslarında və sosial şəbəkələrdə haqqımda yayılan məlumatlarla əlaqədar indiyədək susmağı üstün tutmuşam. Çünki inanıram ki, həqiqətin tələsik müdafiəyə ehtiyacı yoxdur. Lakin cəmiyyətdə yaranan suallar, eləcə də mənə göstərilən böyük dəstək bu açıqlamanı verməyi zəruri etdi.

İlk növbədə bildirmək istəyirəm ki, haqqımda yayılan materiallarda istifadə olunan bəzi şəkillər fotomontaj yolu ilə hazırlanıb, görüntülər manipulyasiya edilib və ictimai rəyi məqsədli şəkildə yanlış istiqamətə yönəltməyə xidmət edir. Fikir ayrılığı və tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Ancaq saxta vizual materiallardan istifadə nə peşəkar jurnalistika prinsiplərinə, nə etik normalara, nə də insan ləyaqətinə hörmət anlayışına uyğun gəlir”.

D.Seliverstov bildirib ki, yayılan materiallarda irəli sürülən iddiaların mühüm hissəsi həqiqəti əks etdirmir:

“Yayılan yazılarda səsləndirilən iddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir. Müxtəlif dövrlərə aid hadisələr təhrif olunur, faktlar kontekstdən çıxarılır və əsassız mülahizələr həqiqət kimi təqdim edilir. Bütün bunlar cəmiyyətdə yanlış rəy formalaşdırmağa yönəlmiş məqsədli kampaniya təsiri bağışlayır.

Atalarımız təsadüfən deməyiblər: “Bar verən ağacı daşlayarlar.” Tarix boyu cəmiyyət üçün çalışan, yeniliklər edən, inkişaf yolunu seçən və insanların etimadını qazanan şəxslər müxtəlif qarayaxma kampaniyalarının hədəfi olublar. Mən də bunu şəxsi faciə deyil, ictimai fəaliyyətin bəzən qaçılmaz reallığı kimi qəbul edirəm.

Gənc yaşlarımdan etibarən insanlara faydalı olmağa çalışmışam. Həyatım boyu əldə etdiyim bütün nailiyyətlər uzun illərin zəhməti, əziyyəti və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Mənə heç nə hazır şəkildə təqdim edilməyib. Qazandığım hər uğurun arxasında böyük əmək, səbir və məsuliyyət dayanır.”

Hüquq müdafiəçisi qeyd edib ki, onun üçün ən böyük sərvət insanların etimadıdır:

“Mənim üçün ən böyük sərvət insanların etimadıdır. Bu etimadı qazanmaq illər tələb edir, onu itirmək isə bir anlıq məsələ ola bilər. Məhz buna görə də bu gün ölkənin müxtəlif bölgələrindən, müxtəlif peşə sahiblərindən və sadə vətəndaşlardan aldığım dəstək mesajlarını həyatımın ən böyük mənəvi dəyəri hesab edirəm.

İmkanım daxilində hər zaman ehtiyacı olan insanların yanında olmağa çalışmışam. Ailələrə, gənclərə, xəstələrə, şəhid ailələrinə və sosial həssas təbəqədən olan insanlara dəstək göstərmişəm. Bunu heç vaxt reklam və ya şəxsi maraq naminə etməmişəm. Çünki mənim üçün xeyriyyə nümayiş vasitəsi deyil, vicdan və mənəvi borc məsələsidir.

Məni yaxından tanıyan hər kəs yaxşı bilir ki, mən dövlətinə sadiq, dövlətçiliyi ali dəyər hesab edən və Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan bir insanam. Azərbaycan Respublikasının dövlətçiliyi mənim üçün müqəddəs anlayışdır. Harada olmağımdan asılı olmayaraq, dövlətimin nüfuzunun qorunması və ölkəmin maraqlarının müdafiəsi üçün çalışmışam və bundan sonra da eyni prinsipə sadiq qalacağam.

Son dəqiqələrdə yayılan yazıların arxasında hansı məqsədlərin dayandığını, bunun niyə məhz indi edildiyini və hansı maraqlara xidmət etdiyini anlayıram. Bu barədə kifayət qədər məlumata malikəm. Lakin hazırkı mərhələdə həmin məsələləri ictimai şəkildə açıqlamağı məqsədəuyğun hesab etmirəm. Hər həqiqətin öz zamanı var və gec-tez hər şey öz yerini tapır.”

D.Seliverstov bildirib ki, bu, onun ilk dəfə qarşılaşdığı vəziyyət deyil və məsələyə hüquqi müstəvidə yanaşacaq:

“Bu, həyatımda ilk belə hadisə deyil. Mən dəfələrlə oxşar qarayaxma kampaniyaları ilə qarşılaşmışam. Hər dəfə nüfuzuma xələl gətirməyə cəhd göstərilib. Lakin zaman keçdikcə həqiqətlər üzə çıxıb və cəmiyyət kimin haqlı olduğunu özü müəyyən edib.

Mən emosiyalarla deyil, qanunun aliliyinə əsaslanaraq hərəkət edirəm. Buna görə də yayılan məlumatlara cavabım sosial şəbəkələrdə təhqir və ya qarşılıqlı ittiham olmayacaq. Mən hüquqi dövlətə, ədalətə və qanunun aliliyinə inanıram.

Hazırda aidiyyəti dövlət orqanlarına qanunvericiliyin tələblərinə uyğun müraciətlər hazırlanır. Yayılan məlumatların, istifadə olunan şəkillərin və irəli sürülən iddiaların hüquqi qiymət alması üçün bütün qanuni vasitələrdən istifadə olunacaq. Əminəm ki, aparılacaq obyektiv araşdırmalar nəticəsində həqiqət tam şəkildə üzə çıxacaq və hüquqi qiymət veriləcək.

Heç kimə qarşı nifrət hissi daşımıram. Çünki bilirəm ki, böhtan müvəqqətidir, həqiqət isə əbədidir. Tarix dəfələrlə sübut edib ki, insanların vicdanı ən ədalətli hakimdir.

Bu çətin məqamda mənə dəstək göstərən bütün vətəndaşlara, dostlarıma, həmkarlarıma və məni tanıyan hər kəsə səmimi təşəkkürümü bildirirəm. Sizin etimadınız mənim üçün ən böyük mükafatdır. Bu etimada layiq olmaq üçün bundan sonra da fəaliyyətimi eyni məsuliyyət, dürüstlük və prinsipiallıqla davam etdirəcəyəm.

İnanıram ki, ədalət öz sözünü deyəcək, həqiqət qalib gələcək və cəmiyyət hər şeyi olduğu kimi görəcək.”

image-img-20260806-wa0092image-img-20260806-wa0090-1image-img-20260806-wa0090image-img-20260806-wa0089image-img-20260806-wa0088image-img-20260806-wa0087

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90