image-rt-reklam
image-1backend

Cavanşir Feyziyev Şimali Kiprdə Ünal Üstellə görüşüb

image-728x90

Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel ölkəsində rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətini qəbul edib.

Gununsesi.info xəbər verir ki, nümayəndə heyəti “Mutlu Barış” hərəkatının 52-ci ildönümü münasibətilə keçirilən rəsmi tədbirlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına səfər edib. Heyətin tərkibinə Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, millət vəkilləri Ağalar Vəliyev və Heydər Əsədov daxildir.

Nümayəndə heyətini salamlayan Baş nazir Ünal Üstel Azərbaycana etdiyi səfərləri xatırladaraq Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova və Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib.

Ünal Üstel ölkələr arasında münasibətlərin “bir millət – üç dövlət” ruhunda inkişaf etdiyini qeyd edib. O, Azərbaycan və Şimali Kipr arasında iqtisadi-ticarət əlaqələrinin, eləcə də təhsil, turizm və səhiyyə sahələrində əməkdaşlığın geniş potensiala malik olduğunu vurğulayıb. Baş nazir bu istiqamətdə hökumət qurumları arasında fəal iş aparıldığını da diqqətə çatdırıb.

Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Feyziyev isə parlamentlərarası əlaqələrin yüksək səviyyədə qurulduğunu bildirərək, Azərbaycan cəmiyyətində Şimali Kipr Türk Respublikası ilə münasibətlərə böyük marağın olduğunu qeyd edib.

Deputat yüzlərlə azərbaycanlı abituriyentin ali təhsil almaq üçün məhz Şimali Kipr Türk Respublikasını seçdiyini, eyni zamanda Azərbaycan vətəndaşlarının Şimali Kiprə turizm səfərlərinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb. O, Azərbaycan vətəndaşlarına göstərilən diqqət və dəstəyə görə Şimali Kipr Türk Respublikasının hökumətinə minnətdarlığını ifadə edib.

Cavanşir Feyziyev “Mutlu Barış” hərəkatını türk xalqının tarixi zəfəri adlandıraraq Milli Məclis adından Baş nazir Ünal Üsteli təbrik edib.

Görüşün sonunda Baş nazir Ünal Üstel və millət vəkili Cavanşir Feyziyev ikitərəfli görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər. Daha sonra onlar bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90