“Upsilon” MMC-nin səlahiyyətli nümayəndəsi Quliyev Rəşad Xasay oğlu “Amal Group” MMC-nin Qubadlı rayonunda həyata keçirdiyi tikinti işləri ilə bağlı daha əvvəl yaydığı məlumatlardan birini təkzib edib.
Bildirilib ki, daha əvvəl “Ulusal.az”, “Reportyor.tv”, “Unikal.az” internet saytlarında və “TikTok” sosial şəbəkəsində “Amal Group” MMC-nin fəaliyyəti ilə bağlı müxtəlif məlumatlar yayımlanıb.
Həmin məlumatlar arasında “Amal Group” MMC-nin Qubadlı rayonunda aparılan tikinti işləri ilə əlaqədar dövlət vəsaitini mənimsəməsi barədə iddia da yer alıb.
Məsələ ilə bağlı mülki işə məhkəmə qaydasında baxılıb. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə sözügedən məlumatın təkzib edilməsi qərara alınıb.
Məhkəmənin araşdırması zamanı “Amal Group” MMC barəsində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı yayılmış məlumatların həqiqiliyini təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilmədiyi qeyd olunub.
Bununla əlaqədar Quliyev Rəşad Xasay oğlu məhkəmə qətnaməsinin qüvvədə olan və icra edilməli hissəsini rəhbər tutaraq, “Amal Group” MMC-nin Qubadlı rayonunda aparılan tikinti işləri ilə əlaqədar dövlət vəsaitini mənimsəməsi barədə əvvəllər yaydığı məlumatı təkzib etdiyini açıqlayıb.
Təkzib mətnində qeyd olunur ki, bu açıqlama yalnız məhkəmə qətnaməsi ilə təkzib edilməsi müəyyən edilmiş məlumatı əhatə edir.
Eyni zamanda bildirilib ki, təkzib “Upsilon” MMC ilə “Amal Group” MMC arasında mövcud olmuş müqavilə münasibətləri, görülmüş işlər, ödənişlər, qarşılıqlı hesablaşmalar və tərəflər arasında yaranmış digər kommersiya mübahisələri ilə bağlı məlumat və hüquqi mövqelərə şamil edilmir.
Qeyd edək ki, təkzib məhkəmə aktının qüvvədə olan hissəsinin icrası məqsədilə dərc olunur.





















