image-rt-reklam
image-fb_img_1786611175571backend

Naxçıvanın yeni dövrü başlayır

image-728x90

Uzun illər Azərbaycanın əsas hissəsindən ayrı – blokada şəraitində yaşayan Naxçıvan indi tədricən bu reallıqdan çıxaraq yeni iqtisadi və nəqliyyat imkanlarının mərkəzinə çevrilir.

Prezident İlham Əliyevin Naxçıvana son səfəri bir daha göstərdi ki, Naxçıvanın gələcəyi artıq yalnız onun coğrafi mövqeyi ilə deyil, Azərbaycanın qarşıya qoyduğu böyük regional hədəflərlə ölçülür.

Bu, dövlət başçısının prezident kimi Naxçıvana 17-ci səfəri idi və hər dəfə olduğu kimi, bu səfər də konkret nəticələrlə yadda qaldı

30 ilə yaxın müddətdə əsasən Türkiyə və İran üzərindən dünya ilə əlaqə saxlaya bilən Naxçıvan bu gün tamam başqa reallıqla üzləşir. Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar muxtar respublikanı Mərkəzi Asiya, Xəzər, Qafqaz və Avropanı birləşdirən mühüm qovşağa çevirir.

Naxçıvanda görülən işlər bu böyük mənzərənin tərkib hissəsidir. Səfər çərçivəsində Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanışlıq xüsusi diqqət çəkib. “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq “Chapman Taylor” şirkətinin birgə hazırladığı bu sənəd şəhərin uzunmüddətli simasını formalaşdıracaq.

Energetika sahəsində gedən dəyişikliklər də diqqətdən kənarda qalmır. Təməli qoyulan yeni istilik elektrik stansiyası iəə mövcud generasiya gücünü əhəmiyyətli dərəcədə artıracaq. Daha maraqlısı odur ki, Azərbaycandan Naxçıvana Ermənistan ərazisi üzərindən elektrik xətlərinin çəkilməsi layihəsi artıq hazır vəziyyətdədir – bu, regionda yeni əməkdaşlıq formatının real işarələrindən biridir. Prezident hətta Avropaya elektrik enerjisi ixracı imkanlarından danışıb, bununla da Naxçıvanın gələcəkdə təkcə tranzit deyil, həm də enerji ixracatçısı roluna iddialı olduğunu göstərib.

Nəqliyyat infrastrukturunda da irəliləyiş var. Bir sıra beynəlxalq qurumlar artıq Naxçıvan dəmiryol seqmentinə maraq nümayiş etdirir, Horadiz–Ağbənd avtomobil yolu isə tamamlanmaq üzrədir. Bütün bunlar onu göstərir ki, Naxçıvanın “əvəzolunmaz nəqliyyat mərkəzi” statusuna doğru irəliləməsi artıq təkcə niyyət deyil, konkret layihələrlə dəstəklənən reallıqdır.

Bölgənin təhlükəsizliyi məsələsi də səfərdən kənarda qalmayıb – Əlahiddə Ümumqoşun Ordu tərkibində yeni yaradılmış komando hərbi hissələrinə döyüş bayraqlarının təqdim olunması, geosiyasi baxımdan həssas ərazidə müdafiə potensialının ardıcıl gücləndirildiyinin göstəricisidir.

Bütün bu addımlar bir yerə gətirildikdə aydın olur ki, Naxçıvan artıq keçmişin “blokada şəraitindəki uzaq bölgə” obrazından uzaqlaşıb – bu gün regionun yeni nəqliyyat, enerji və iqtisadi arxitekturasının formalaşmasında həlledici rol oynayan mərkəzlərdən birinə çevrilir. Və bu proses, göründüyü kimi, təsadüfi deyil, ardıcıl və planlı addımların nəticəsidir.

Əlibaba Məhərrəmzadə

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90