Bakı–Tehran münasibətlərində son dövrlərdə qarşılıqlı mesajların müsbət istiqamətdə dəyişməsi iki ölkə arasında yeni mərhələnin başlanması ehtimalını gündəmə gətirib. Xüsusilə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı müsbət fikirləri münasibətlərin gələcək perspektivləri ilə bağlı diqqəti artırıb. Bəs mövcud proseslər həqiqətən də Bakı–Tehran münasibətlərində uzunmüddətli gərginliklərin geridə qalmasına və yeni əməkdaşlıq mərhələsinin formalaşmasına imkan verirmi?
Milli Məclisin deputatı Cavanşir Feyziyev Qaynarxett.az-a açıqlamasında bu məsələyə münasibət bildirib:
“Azərbaycan-İran münasibətlərində gərginliklər yeni deyil, bu gərginliyin ən azı iki əsrlik tarixi var. Azərbaycana görə Rusiya ilə bir əsrdən çox gərgin münasibətlərdə olmuş İran Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra da davam etməkdədir. Zaman keçir, tarix dəyişir, lakin İran elitasının dünyaya keçmiş imperiya pəncərəsindən baxışı dəyişmir.
Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda İran onu tanımaqdan imtina etmişdi. Müstəqilliyimizin bərpasından sonra İran Azərbaycanın müstəqilliyini tanısa da, onun müstəqil dövlətçilik siyasətini qəbul etmir və Azərbaycanı mümkün qədər öz təsir dairəsinə salmağa çalışır.
İran siyasi rəhbərliyinin zahirən nümayiş etdirdiyi dostluq və əməkdaşlıq münasibəti isə hələ də öz içində etimadsızlıq, qısqanclıq və maneçilik kimi yanaşmaları qoruyub saxlayır.
İranın bu günkü prezidenti Pezeşkianın bu günlərdə ölkəmizin ünvanına söylədiyi müsbət fikirlər əlbəttə təqdirəlayiqdir. Lakin onun fikirləri bütün İran hakimiyyətinin baxışlarını ifadə etmir və ona görə də təəssüf ki, qarşılıqlı münasibətlərdə hansısa yeni bir mərhələnin başlanğıcından danışmaq mümkün deyil.
Azərbaycan heç bir sahədə İranla rəqabət aparmır, strateji tərəfdaşlıq üçün kifayət qədər əsaslar və müvafiq potensial var. Lakin əməkdaşlıq qarşılıqlı bir prosesdir və yalnız bərabər hüquqluluq və milli maraqların uzlaşdırılması çərçivəsində mümkündür.
Bir-birinin suverenliyinə hörmət və daxili işlərinə qarışmamaq prinsipləri əsasında istənilən sahədə əməkdaşlıq hər iki ölkə üçün çox faydalı ola bilərdi. Lakin biz İran hakimiyyətinin bu prinsiplərə zidd olaraq Azərbaycana qarşı atdığı açıq və gizli addımları görməməzliyə vura bilmərik.
Zəngəzur dəhlizinin reallaşdırılması bölgənin bütün dövlətləri, o cümlədən İran üçün yeni və geniş perspektivlər aça bilər. Halbuki Zəngəzur dəhlizi sərt sanksiyalar şəraitində əziyyət çəkən İran üçün də dünyaya çıxış yollarından biri və bəlkə də ən faydalısıdır.
Bir gün İran hakimiyyəti Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, ölkələrimiz arasında hər iki tərəf üçün çox faydalı ola biləcək qarşılıqlı əməkdaşlıq alətləri işə düşə bilər. Bu, regiona davamlı sabitlik gətirər və hər iki ölkənin xalqları üçün böyük mənfəət qazandıra bilər”.






















