Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son dövrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı yüksəksəviyyəli səfərlərin intensivləşməsi, siyasi dialoqun aktivləşməsi və əməkdaşlığın gündəliyinin genişlənməsi tərəflər arasında etimadın möhkəmləndiyini göstərir. Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri də bu baxımdan ikitərəfli münasibətlərin inkişaf dinamikasını və strateji tərəfdaşlığın yeni istiqamətlərini əks etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Səfər çərçivəsində aparılan müzakirələr göstərir ki, Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı təkcə enerji sahəsi ilə məhdudlaşmır. Tərəflər siyasi dialoq, ticarət, nəqliyyat-logistika, yaşıl enerji, regional bağlantılar və təhlükəsizlik məsələlərini vahid əməkdaşlıq gündəliyinin əsas istiqamətləri kimi formalaşdırırlar. Bu isə münasibətlərin daha institusional və uzunmüddətli xarakter aldığını göstərən mühüm göstəricidir.
İqtisadi əməkdaşlıq münasibətlərin əsas dayaqlarından biri olaraq qalır. Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olması, qarşılıqlı ticarət dövriyyəsinin yüksək paya malik olması və Azərbaycanın Cənubi Qafqazda Avropa İttifaqının əsas iqtisadi tərəfdaşı kimi çıxış etməsi mövcud əməkdaşlığın strateji əhəmiyyətini artırır. Bu dinamika gələcəkdə investisiya, sənaye və texnologiya sahələrində əməkdaşlığın genişlənməsi üçün də əlverişli imkanlar yaradır.
Enerji təhlükəsizliyi isə tərəfdaşlığın əsas strateji istiqaməti olaraq qalmaqdadır. Azərbaycanın Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi mövqeyi son illərdə daha da möhkəmlənib. Xüsusilə Cənub Qaz Dəhlizinin fəaliyyəti və Avropa bazarına qaz ixracının artması qitənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Mövcud infrastrukturun genişləndirilməsi və yeni ixrac imkanlarının yaradılması bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir.
Eyni zamanda, əməkdaşlığın yeni prioritet istiqamətlərindən biri bərpaolunan enerji sahəsidir. Azərbaycanın günəş, külək və hidroenerji potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi, iri həcmli investisiya layihələrinin həyata keçirilməsi və “yaşıl enerji” istehsalının artırılması ölkənin enerji strategiyasında yeni mərhələnin başlandığını göstərir. Bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlıq həm enerji mənbələrinin şaxələndirilməsinə, həm də qlobal iqlim məqsədlərinə töhfə verən mühüm amil kimi çıxış edir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da yeni geosiyasi reallıqlar fonunda daha böyük əhəmiyyət qazanır. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, müasir liman, dəmir yolu və logistika infrastrukturuna yatırdığı investisiyalar ölkənin beynəlxalq yükdaşımalarında əsas tranzit mərkəzlərindən birinə çevrilməsini sürətləndirir. Bu isə Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycanın strateji rolunu daha da artırır.
Regional təhlükəsizlik və sülh gündəliyi də əməkdaşlığın mühüm komponentlərindən biri kimi ön plana çıxır. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin irəliləməsi, regionda iqtisadi əlaqələrin bərpasına və kommunikasiyaların açılmasına yönəlmiş addımlar Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Avropa İttifaqının bu prosesə siyasi dəstək göstərməsi regionda uzunmüddətli sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mövcud inkişaf dinamikası göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı maraqlar, praqmatik əməkdaşlıq və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da genişlənir. Enerji, ticarət, nəqliyyat, yaşıl iqtisadiyyat və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlığın dərinləşməsi həm tərəflərin maraqlarına xidmət edir, həm də Cənubi Qafqazın sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilməsinə töhfə verir.
Əlibala Məhərrəmzadə
Milli Məclisin deputatı





















