image-rt-reklam
image-1786550668_ulvi_quliyev_akfbackend

Naxçıvan iki qitə arasında geostrateji mərkəzə çevriləcək

image-728x90

Naxçıvan təkcə Azərbaycanın deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasında tarixən müstəsna rol oynayıb. Müasir dövrdə Muxtar Respublikanın coğrafi əhəmiyyəti və regional təsir imkanları nəinki azalmayıb, əksinə, Naxçıvan Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi daha böyük coğrafiyanın-Avrasiya məkanının geostrateji bağlantı və nəqliyyat mərkəzlərindən birinə çevrilmək üzrədir.

Uydurma miflərə və xəstə təxəyyülə söykənən “Böyük Ermənistan” planında Qarabağla yanaşı, Naxçıvana qarşı ərazi iddialarının nəzərdə tutulması həm də bu baxımdan təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” 4 fevral 1999-cu il tarixli Prezident Fərmanı elə bu gerçəkliyi tarixi faktlar əsasında təsbit edir, eyni zamanda, yaddaşımızı korşaltmağa çalışan bədxahların siyasi oyunbazlığını da açıq mətnlə ifşa edir. Ulu Öndərin imzaladığı həmin Fərmanda deyilir: “Qafqazda bolşeviklərin hakimiyyətinin bərqərar olduğu ilk günlərdən hələ 1918-ci ildə özünü mart qırğınları zamanı büruzə vermiş bolşevik-daşnaq sövdələşməsi geniş vüsət aldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq əzəli Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının-Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.

“Tarixi yaddaş” elə bir məfhumdur ki, xalqın və dövlətin özü onu qoruyub yaşatmasa, kimlərsə sənin tarixini təhrif edib saxtalaşdırmağa və zamanla unutdurmağa çalışacaq. Ulu Öndər Heydər Əliyevin həmin Fərmanı bu cür məkrli cəhdləri normativ-hüquqi akt səviyyəsində ifşa etməklə yanaşı, tarixi yaddaşımızın qorunması ilə bağlı indiki və gələcək nəsillərə verdiyi ibrətamiz nəsihətdir. Ulu Öndərin 89 nömrəli Prezident Fərmanında heç vaxt unutmayacağımız bir tarixi fakt da təsbit olunur: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir”.

Ümumxalq yaddaşımızda yaşayan və əbədi yaşayacaq böyük həqiqətlərdən biri də onunla bağlıdır ki, məhz Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və Naxçıvanın mərd övladlarının Heydər Əliyev fenomeni ətrafında sarsılmaz birliyi bu qədim yurdumuzu daha böyük fəlakətlərdən xilas etdi. Bir vaxtlar ağızdolusu yalnız “tarixi Ermənistandan” danışanların bu gün “real Ermənistan” ideologiyasına transformasiyasının təməlində də Ulu Öndərin müstəqil və qüdrətli Azərbaycan naminə həyata keçirdiyi fədakar Xilaskarlıq missiyası dayanır. Bu ənənə ləyaqətlə davam etdirildiyi üçün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi ilə Qarabağı düşmən tapdağından azad edə və tarixi Zəfərə imza ata bildi.

Ermənistanın ideoloji transformasiyasının kökündə elə bu reallıq dayanır. Yalnız Qarabağ Zəfərindən sonra Ermənistan cəmiyyətinin ən azı 50 faizi anlamağa başladı ki, istər çar Rusiyası, istərsə də sovet imperiyası dövründə onların xəstə təxəyyülünə verilən dəstək və əzəli Azərbaycan torpaqları hesabına zaman-zaman edilən güzəştlər yalnız imperiyanın öz maraqlarına xidmət göstərib. Guya etnik və dini təəssübkeşlik pərdəsi altında səsləndirilən bəyanatlar isə həqiqi niyyətin gizlədilməsi üçün istifadə edilən saxta örtükdən başqa bir şey olmayıb. Ermənistan cəmiyyəti heç olmasa indi fərqinə varmalıdır ki, bu gün Avropadakı bəzi havadarlarından eşitdiyi bəyanatların kökündə də eyni məkrli siyasət və başqalarının maraqları dayanır.

Bu reallığı görməmək və ya görə-görə nəticə çıxarmamaq Ermənistan üçün açılan tarixi fürsət qapısını növbəti onilliklər üçün birdəfəlik bağlaya bilər. Nəhayət, tarixdən nəticə çıxarıb qəbul etməlidirlər ki, ən pis sülh belə, müharibədən yaxşıdır. Dinc yanaşı yaşama və iqtisadi əməkdaşlıq hər bir halda qanlı toqquşmalardan, ölüm-itimdən daha yaxşıdır. Ona görə də Zəngəzur dəhlizinin tarixi əhəmiyyətini kiçiltməyə və ya onu təhlükə kimi təqdim etməyə çalışan siyasi dairələrin fitnə-fəsadına uymaqdansa, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan televiziyasına müsahibəsində səsləndirdiyi bu açıqlamadan konstruktiv nəticə çıxarmalıdırlar: “TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq-avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək”. 

Ölkəmizin əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin işə düşməsi imkan verəcək ki, Azərbaycanla yanaşı, Ermənistan və bütövlükdə Cənubi Qafqaz Avrasiya coğrafiyasının aparıcı tranzit arteriyalarından birinə çevrilsin, ən başlıcası, düşmənçilik və müharibələr keçmişdə qalsın. Zəngəzur dəhlizi yalnız nəqliyyat damarı kimi deyil, həm də enerji dəhlizi qismində bir çox ölkələrin, o cümlədən Ermənistanın öz təhlükəsizliyinə də töhfə verə biləcək. Əminəm ki, Prezident İlham Əliyevin növbəti açıqlaması Ermənistanın rəsmi dairələri ilə yanaşı, ənənəvi himayədarlarının da diqqətindən yayınmayacaq: “Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”.

Dünyanın aparıcı ölkələri, o cümlədən Avropa İttifaqına üzv olan dövlətlər enerji asılılığının daha çox şaxələndirilməsi imkanları barədə düşündükləri və bunu birnömrəli təhlükəsizlik məsələsi hesab etdikləri vaxtda, Ermənistanın hələ də kimlərinsə xoş münasibətinə ümid bağlaması sadəlövhlükdən başqa bir şey deyil. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müsahibədə ifadə etdiyi mövqe isə Azərbaycanla yanaşı, bütövlükdə Cənubi Qafqaz ölkələrinə həqiqi müstəqilliyin və təhlükəsizliyin praqmatik yol xəritəsini təqdim edir: “Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər. Çünki nə qədər çox alternativlər olsa, hamı üçün o qədər də yaxşıdır”.

Əminəm ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində iştirak etdikləri çoxsaylı açılış və təməlqoyma mərasimləri özümüz qədər qardaş və dost ölkələri, bütövlükdə Türk dünyasını bir daha sevindirəcək və onların media resurslarında rəğbətlə işıqlandırılacaq. Bununla yanaşı, ona da şübhə etmirəm ki, Ermənistandakı revanşist dairələr və onları kənardan qızışdıranlar, o cümlədən erməni lobbisi əsas diqqəti Prezidentin və birinci xanımın iştirak etdikləri Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hissələrinə Döyüş bayraqlarının verilməsi mərasiminə yönəldəcəklər.

Həm də buna görə bir daha tarixi yaddaş məsələsinə qayıtmaq və qısaca da olsa, Ermənistanla yekun sülh sənədinin imzalanması perspektivinə toxunmaq istəyirəm. Elə eyni səbəbdən Ulu Öndər Heydər Əliyevin tarixi 89 nömrəli Prezident Fərmanından başqa bir hissəni Ermənistan cəmiyyətinə xatırlatmağı zəruri və faydalı hesab edirəm: “1929-cu ildə Zaqafqaziya Mərkəzi İnqilab Komitəsinin qərarı ilə Naxçıvanın 657 kvadrat kilometr ərazisi-Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilid kəndi torpaqlarının bir hissəsi Ermənistana verildi. 1930-cu ildə isə Əldərə, Ləhvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır”.

Tarix baxımından hətta bir əsr böyük zaman kəsiyi hesab olunmur, dövlət və ümumxalq yaddaşı isə bu cür hadisələri unutmur. Prezident İlham Əliyevin ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı təkidli tələbi də elə bu yaddaşdan, Ermənistanın zaman-zaman Azərbaycana və qardaş Türkiyəyə qarşı dilə gətirdiyi ərazi iddialarından, həyata keçirdiyi işğal və ilhaq siyasətindən qaynaqlanır. Ona görə də Ermənistan öz konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarını rəsmiləşdirən istinadı və bununla bağlı olan normativ-hüquqi aktlarını dəyişdirməklə xülyalardan birdəfəlik əl çəkdiyini əyani şəkildə sübut etməlidir. Tarix də, məntiq də göstərir ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı tələbində olduğu kimi, bu tələbində də tam haqlıdır.

Ülvi Quliyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90