image-rt-reklam
image-1backend

“Moskva yeni geosiyasi reallıqlarla barışmalıdır” – Millət vəkili

image-728x90
Rusiyanın son dövrlər Ermənistana yönəlmiş sərt bəyanatları və xüsusilə Zəngəzur dəhlizi ətrafında irəli sürdüyü tələblər regionda geosiyasi müzakirələri yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, Moskvanın irəli sürdüyü iddiaların hüquqi əsası yoxdur və regionda formalaşan yeni reallıqlar bunu açıq şəkildə göstərir. Deputat bildirib ki, Rusiyanın Ermənistana qarşı sərgilədiyi mövqe beynəlxalq hüquq baxımından əsaslandırılmış hesab edilə bilməz:

“Şübhəsiz ki, Moskvanın Ermənistana qarşı sərgilədiyi kəskin münasibət və qeyri-adekvat tələblərin heç bir hüquqi əsası yoxdur. Əvvəlki dövrlərdə keçmiş Ermənistan rəhbərliyi ilə bağlanmış müqavilələr hüquqi sənəd kimi qəbul oluna bilər. Lakin həmin müqavilələrin məzmunu Rusiyanın bu gün irəli sürdüyü tələblər üçün hüquqi zəmin yaratmır. Məsələn, Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşməsi ona Zəngəzur dəhlizində pay sahibi olmaq və ya Azərbaycanla Ermənistan arasında münasibətlərin gələcək inkişafında xüsusi rol tələb etmək hüququ vermir”.

C.Feyziyevin sözlərinə görə, Rusiya Ermənistanı öz təsir dairəsində saxlamağa çalışır və bunu Cənubi Qafqazdakı geosiyasi maraqlarının tərkib hissəsi kimi qiymətləndirir:

“Rusiya Ermənistana hədə-qorxu gəlməklə əslində onu sözəbaxan vassal statusunda saxlamağa və bütövlükdə Cənubi Qafqazda yerləşən dövlətlərə, eləcə də bölgədə maraqları olan üçüncü tərəflərə qarşı təsir mexanizmi kimi istifadə etməyə çalışır. Lakin bölgədə reallıqlar dəyişib və Rusiyanın bu yeni reallıqlarla barışmaqdan başqa yolu yoxdur”.

Deputat vurğulayıb ki, Moskvanın Zəngəzur dəhlizi ilə bağlı iddiaları mövcud danışıqlar formatına da uyğun gəlmir:

“Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın tələblərinin də heç bir hüquqi əsası yoxdur. Bu dəhlizlə bağlı müzakirələr Azərbaycan, Ermənistan və ABŞ arasında aparılır və həmin dövlətlərin heç birinin Rusiyanın maraqları ilə bağlı hər hansı öhdəliyi yoxdur. Ermənistan dəmir yollarının Rusiyanın dövlət şirkəti tərəfindən idarə olunması və ya Rusiya sərhədçilərinin Ermənistan sərhədində xidmət aparması heç bir şəkildə Rusiyanın “Zəngəzur dəhlizi” layihəsində iştirakını şərtləndirmir”.

Millət vəkilinin fikrincə, Moskva Ermənistandakı mövcud daxili vəziyyətdən istifadə edərək öz maraqlarını qəbul etdirməyə çalışır:

“Rusiya Ermənistandakı bugünkü kövrək daxili sabitlikdən sui-istifadə etməklə öz maraqlarını Ermənistan hökumətinə qəbul etdirməyə cəhd göstərir. Lakin bu maraqların Cənubi Qafqaz ölkələrinin, xüsusilə də TRİPP marşrutunun iştirakçı dövlətlərinin maraqları ilə üst-üstə düşmədiyi aydındır. Adından da göründüyü kimi, TRİPP bölgədə sülhə, təhlükəsizliyə və inkişafa töhfə vermək məqsədilə irəli sürülüb. Rusiya isə bu layihədə iştirak iddiası ilə özünün neo-imperialist planlarını gerçəkləşdirməyə çalışır”.

Sonda C.Feyziyev Zəngəzur dəhlizinin gələcək icrası ilə bağlı gözləntilərini də bölüşüb. O qeyd edib ki, Zəngəzur dəhlizi əvvəlcədən nəzərdə tutulduğu kimi ABŞ, Azərbaycan və Ermənistan tərəfindən icra olunacaq və gözlənildiyi kimi əməkdaşlıq və təhlükəsizlik missiyasını daşıyacaq. Bu dəhlizin hər hansı dövlətin əlində siyasi təzyiq vasitəsinə çevrilməsinə yol verilməyəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90