image-rt-reklam
image-1backend

Türk Birliyinin Yeni Siyasi Mərhələsi

image-728x90

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsi adi elmi-mədəni tədbir deyil. Bu hadisə türk dövlətlərinin ortaq tarixi yaddaşının yenidən dəyərləndirilməsi ilə yanaşı, yeni geosiyasi reallığın və ortaq strateji gələcək vizyonunun nümayişidir. Əslində, Bakıdan verilən mesaj aydındır: türk dünyası artıq təkcə mədəni və etnik bağlılıq məkanı deyil, eyni zamanda qlobal siyasətdə öz sözünü deməyə çalışan müstəqil güc mərkəzidir. Təsadüfi deyil ki, Türk Dünyası Həftəsi Azərbaycan Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli sərəncamına uyğun olaraq keçirilir.

Bu qərar Azərbaycan dövlətinin türk inteqrasiyasına situativ və ya emosional yanaşmadığını, məsələyə uzunmüddətli strateji hədəf kimi baxdığını göstərir. Son illər Azərbaycanın həyata keçirdiyi siyasət də sübut edir ki, Bakı türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsini regional siyasətin əsas prioritetlərindən birinə çevirib.

Müasir beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşması prosesi gedir. Türk dövlətləri də bu prosesdə getdikcə daha fəal iştirak edirlər. Orta Dəhliz layihəsinin əhəmiyyətinin artması, enerji və nəqliyyat marşrutlarının yenidən formalaşması, Avrasiya məkanında geosiyasi balansın dəyişməsi türk dünyasının rolunu xeyli artırıb. Bu yeni reallıqda Azərbaycan coğrafi mövqeyi, siyasi nüfuzu və təşəbbüskarlığı ilə birləşdirici həlqəyə çevrilib. Azərbaycanın türk dünyasında xüsusi çəkisi yalnız tarixi və mədəni amillərlə müəyyənləşmir. Son illərdə ölkəmizin əldə etdiyi hərbi-siyasi uğurlar da bu nüfuzu əhəmiyyətli dərəcədə gücləndirib.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda yeni geosiyasi vəziyyət yaradıb. Bu qələbə təkcə Azərbaycan dövlətinin gücünü deyil, bütövlükdə türk dünyasının siyasi iradəsini və potensialını nümayiş etdirən mühüm hadisəyə çevrilib. Bakı həm də türk həmrəyliyinin praktik ifadə olunduğu mərkəz kimi çıxış edir. Azərbaycan qardaş Türkiyənin milli maraqlarının müdafiəsində, o cümlədən qondarma “erməni soyqırımı” iddialarının siyasi alətə çevrilməsi cəhdlərinə qarşı mübarizədə hər zaman prinsipial mövqe sərgiləyib. Eyni yanaşma Şimali Kipr məsələsində də özünü göstərir. Azərbaycan yalnız bəyanatlar verməklə kifayətlənməyərək, konkret siyasi addımlarla türk həmrəyliyinə töhfə verir. Məhz buna görə də, Bakıda keçirilən Türk Dünyası Həftəsi təkcə keçmişə ehtiram nümunəsi deyil. Bu tədbir gələcəyin siyasi və geosiyasi konturlarının müzakirə edildiyi, ortaq hədəflərin müəyyənləşdirildiyi strateji platformadır. Türk dövlətləri tədricən öz siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar əməkdaşlıq modelini formalaşdırırlar. Bu modelin əsas ideya mərkəzlərindən biri isə məhz Azərbaycandır.

Bu gün Bakı türk birliyinin yeni məzmununun və yeni strateji gündəliyinin formalaşdığı siyasi mərkəzə çevrilib. Türk Dünyası Həftəsi də bu reallığın növbəti təsdiqidir. Bu tədbir göstərir ki, türk dövlətləri ortaq tarixdən güc alaraq gələcəyə doğru birlikdə addımlamağa hazırdırlar. Görünən odur ki, qarşıdakı illərdə türk dünyasının qlobal siyasətdə təsiri daha da artacaq. Bu prosesdə Azərbaycanın rolu isə yalnız iştirakçı dövlət kimi deyil, həm də ideya müəllifi, təşəbbüskar və inteqrasiyanın aparıcı qüvvəsi kimi qalacaq. Bakıda keçirilən Türk Dünyası Həftəsinin əsas siyasi mesajı da məhz bundan ibarətdir ki, türk dünyası artıq gələcəyini özü müəyyənləşdirən və beynəlxalq münasibətlər sistemində öz yerini getdikcə daha qətiyyətlə möhkəmləndirən bir gücə çevrilir.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90