“HƏMAS” və “Hizbullah” Yaxın Şərqdə yaranan və dünya tərəfindən terror təşkilatı qəbul edilən terror qruplaşmalarıdır. Dünya bu iki təşkilatı terror təşkilatı kimi qəbul etsə də bəzi ölkələr hələ də bu iki təşkilata dəstək verirlər. Oktyabrın 7-də bu təşkilatlardan biri olan HƏMAS İsrailə bir neçə min raket atdı və “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edərək savaşa başladıqlarının açıqladılar. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan etdi. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlandığını açıqladı. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirdi. Fələstinin hücumları nəticəsində İsrail tərəfində çox sayda insan öldü və yaralandı, mülki obyektlərə ciddi ziyan dəydı . Dünya Yaxın Şərqdə yeni müharibənin başlanmasına , insanların qətlə yetirilməsinə seyrçi qala bilməzdi. HƏMAS bu savaşa Fələstin üçün başladığını açıqlayırdı. Verilən geniş açıqlamada qeyd edilirdi ki, Fələstinin iqtisadi və siyasi vəziyyəti olduqca gərgindir. Elə HƏMAS-ın bu savaşa başlamasının ardından məlum oldu ki, əslində məzlum kimi qəbul etdiyimiz Fələstin il ərzində təkcə Avropa İttifaqından Qəzza zolağına görə 691 milyon dollar vəsait alır. Bu savaşın başlanmasının detallı izah etmək istəyirik.
Qeyd edək ki, HƏMAS-ın ardınca dünən “Hizbullah” da savaşa başladığını bəyan etdi. Maraqlıdır ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Fələstin dövlətinin yaranmasının zərurət olduğunu açıqlamasından sonra “Hizbullah” Livan ərazisindən İsrailə hücüma keçdi. Bunun ardınca İranın BMT-dəki daimi nümayəndəsi Əli Kərimi Məkam Qərb mediasına açıqlamasında dolayı yolla HƏMAS və “Hizbullah”ın hücumlarını dəstəklədiklərini açıqladı. Bir sözlə bu savaşın “Hizbullah” və HƏMAS-ın İsrailə qarşı savaşı deyil, konkret olaraq Rusiya, İranın birgə savaşı adlandırmaq olar. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi dünən HƏMAS-a dəstək verdiyini dolayısı yolla təsdiq etdi. Elə Sergey Lavrovun açıqlamasındakı incə məqam da bu idi.
Qərbdə hesab edirlər ki, HƏMAS-ı bu savaşa qatan elə Rusiya və İran ikilisidir. İndi isə bir gecədə dünyanı qana boyayan bu təşkilatlar necə yaranması haqqında məlumat vermək istəyirik.
İlkin olaraq HƏMAS-ın yaranma tarixi haqqında məlumat verəcəyik.
HƏMAS 1987-ci il dekabrın 14-də Şeyx Əhməd Yasin tərəfindən “Müsəlman Qardaşlar” təşkilatının tərkibində yaradılıb. Adı “Hərəkatul-Muqavatə əl-İslamiyyə” (İslami Müqavimət Hərəkatı) sözünün abbreviaturasıdır. HƏMAS-ın ideologiyası 1988-ci ilin avqustunda qəbul edilmiş və İsrailin mövcudluq hüququnu tanımayan, 1948-ci ildə İsrailin yaranmasından əvvəl Məcburi Fələstinin işğal etdiyi bütün ərazilərdə Fələstin dövlətinin yaradılmasını qarşısına məqsəd qoyan İslam Xartiyasına əsaslanır.
Hərəkat hüquqi siyasi paramiliter İzzəddin əl-Qəssam Briqadalarından ibarətdir. Medianın məlumatına görə, hərbi qanadın üzvləri təxminən 10-12 min nəfərdir. Briqadaların əsasını İran və Suriyada hərbi təlim keçmiş bir neçə yüz döyüşçü təşkil edir.
İlk intifadanın qızğın vaxtında, 1989-cu il fevralın 18-də HƏMAS ilk hərbi əməliyyatını həyata keçirib – İsrail əsgərini qaçıraraq öldürüb. Buna cavab olaraq İsrail hərəkatın silahlı qanadını qadağan edib, Şeyx Yasin həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib. 1994-cü ildə atəşkəsdən əvvəl HƏMAS 10 İsrail əsgərini öldürüb və əməkdaşlıqda şübhəli bilinən mülki yəhudi və fələstinlilərə qarşı bir sıra hücumlar həyata keçirib. Daha sonra HƏMAS bombalara üz tutub və 1994-1996-cı illər arasında 8 partlayışa (95 ölüm) səbəb olub.
1996-cı ildə HƏMAS-ın o zamankı lideri Musa Əbu Mərzuk İsrailin Yəhudeya, Samariya, Qəzza zolağı və Şərqi Qüdsdən çıxması müqabilində hücumları dayandırmağı təklif edib. 2000-ci ilin oktyabrında ikinci intifadanın başlaması ilə HƏMAS terror fəaliyyətini gücləndirib və kamikadzelərdən istifadə etməyə başlayıb. 2002-ci il martın 30-da HƏMAS tarixinin ən bədnam terror aktlarından biri həyata keçirilib – Hayfada restoranda baş verən partlayışda 35 nəfər həlak olub. Ümumilikdə, təşkilat fəaliyyəti dövründə 1100-dən çox terror aktı həyata keçirib.
HƏMAS İsrail, Kanada, ABŞ, Yaponiya, Avropa İttifaqı, Amerika Dövlətləri Təşkilatı və bir sıra digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınır. İordaniya və Misirdə də qadağandır. Avstraliya və Böyük Britaniyada yalnız HƏMAS-ın hərbi qanadı terrorçu kimi tanınır. Rusiya HƏMAS-ı terror təşkilatı kimi təsnif etmir, onu danışıqlar üçün qanuni tərəfdaş hesab edir, təşkilatın liderləri bir neçə dəfə Moskvaya səfər ediblər.
Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, 2011-ci ilin sonuna qədər HƏMAS-ın əsas sponsoru İran olub və Tehran hərəkata ayda təxminən 22 milyon dollar xərcləyib. İran Bəşər Əsəd hökumətinin, HƏMAS isə yaraqlıların tərəfinə keçdiyi Suriyada vətəndaş müharibəsinin başlaması səbəbindən bu yardım praktiki olaraq dayandırılıb. Bundan əlavə, hərəkat Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin özəl donorları, həmçinin Avropa və ABŞ-da yaşayan fələstinlilər tərəfindən maliyyələşdirilir.
HƏMAS-dan fərqli olaraq “Hizbullah” Livanda 1982-ci ildə meydana gəlib. Lakin bu təşkilat siyasət arenasına 1985-ci ildə qatıldı. İran hökuməti Muhəmməd Hüseyn Fəzlullahın (ləqəbi Livan Xomeynisidir), Sübhi Tüfeyli, Həsən Nəsrullah, İbrahim Əmin, Abbas Musiri, Nəim Qasim, Züheyr Kənc, Muhəmməd Yəzbək və Rağib Hərb kimi şəxslərin əliylə «Hizbullah» adlı təşkilatı qurmağa cəhd göstərir.
Tezliklə bu şəxslər arasında iki mövqe yaranır və onlar Livandakı şiə bölgələrinə nəzarəti ələ keçirmək məqsədilə ixtilaf edirlər, sonra hər iki tərəf — Ümid hərəkatı və Hizbullah- bir-birinə qarşı şiddətli şəkildə vuruşurlar. Nəticədə «Hizbullah» təşkilatı Livanın cənub məntəqələrinin çoxusunda nəzarəti ələ keçirir və İran dövləti tərəfindən məntəqədə yaşayan şiələrə təqdim etdikləri böyük ictimai xidmətlər, yardımlar sayəsində yerli şiələr arasında nüfuz qazanırlar.
Bu «Hizbullah» partiyası müasir zamanda dünyada Əhli Sünnə vəl-Camaata qarşı ən şiddətli fitnə idarəçilərindən hesab olunurlar. Onlar zahirdə Allahın düşmənləri olan «yəhudi və xristianlara» qarşı cihad etdiklərini iddia edir, həqiqətdə isə şiəliyə dəvət edir, Xomeyninin İran rafizi inqilabını İslam dünyasına yaymağa çalışırlar .
Bir sözlə İran özünün yaratdığı bu terror təşkilatlarının xətti ilə Yaxın Şərqdə böyük savaşa start verib. Bu savaşda Rusiyanın rolu isə danılmazdır. Elə ilk hücuma başlayan HƏMAS-ın Rusiya silahları ilə təhciz edilməsi bu hücumun Rusiya və İran tərəfindən birgə hazırlanması ehtimalını və reallığını daha da artırır. Savaşın necə bitəcəyi sualları ortaya çıxarsada artıq vəziyyətin İsrail tərəfindən tam nəzarət altına alındığını qeyd etmək olar. Bir sözlə Rusiya və İranın daha bir planı iflasa uğrayır…
Qoşqar Salmanlı