NATO Ermənistanın alyansa qoşulmasını nəzərdən keçirmir, İrəvan isə üzvlük üçün ərizə təqdim etməyib.
Ulusal.az xəbər verir ki, bu barədə “İzvestiya”ya Şimali Atlantika Alyansının adının açıqlanmayan nümayəndəsi bildirib.
Xatırladaq ki, sentyabrın 4-də NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger Ermənistanı alyansa qoşulmağa çağırıb.
“Cənab Fehlingerin NATO ilə heç bir rəsmi əlaqəsi yoxdur. O, NATO əməkdaşı deyil. Onun fikirləri özünə məxsusdur və alyansın mövqeyini əks etdirmir”, – deyə alyansın nümayəndəsi bildirib.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Fehlingerin sözlərini şərh edərkən qeyd edib ki, Ermənistan artıq NATO ilə qarşılıqlı əlaqədədir və əməkdaşlığı davam etdirməyə hazırdır.