Zəngəzur dəhlizi 2023-cü ilin dekabr ayına qədər açılacaq.
Ulusal.az xəbər verir ki, bu barədə rusiyayönümlü erməni bloqer Mika Badalyan yazıb.
Erməni bloger Zəngəzur dəhlizinin Qərb tərəfindən açılacağını iddia edir. Bu, bir qədər məntiqsiz görünür, lakin Badalyan “sübut” kimi “Googlemaps”a istinad edir.
“Qərb Zəngəzur dəhlizini 2023-cü ilin dekabrında açmağı planlaşdırır. “Googlemaps”da Zəngəzur və Naxçıvanı birləşdirən magistralın bir hissəsinin dekabr ayında istifadəyə veriləcəyi məlumatları qeyd olunub. Bu hissənin açılması ancaq Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün mümkün ola bilər. “Google” öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında yaradır. Ermənistanda bu cür qurumlar çoxdan ləğv olunub, Rusiya açıq şəkildə “Google” şirkətinə məlumat ötürə bilməz. Əgər Azərbaycan məlumat ötürsəydi, o zaman, Ermənistanda bilinərdi. Yeganə variant ABŞ Milli Kartoqrafiya İnstitutundan məlumat almaqdır. Bu məlumat sübut edir ki, regionda baş verən hər şeyin arxasında Qərb dayanır və məqsədi Ermənistanın parçalanması hesabına olsa belə Zəngəzur dəhlizinin həyata keçirilməsidir” – Badalyan iddia edir.
Erməni bloqerin bu fikirləri maraqlı olsa da, məntiqdən uzaq görünür. Çünki Qərb Zəngəzur dəhlizindən Mərkəzi Asiya coğrafiyasına çıxış üçün istifadədə maraqlı olsa da, bu layihə bölgədə Rusiyaya da sərfəlidir. Daha doğrusu, hər iki tərəf – Rusiya və Qərb nə qədər qarşıdurma vəziyyətində olsa da, Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm keçidlərdən biri kimi dəyərləndirilən Zəngəzur dəhlizi layihəsinin açılmasını istəyir. Sadəcə olaraq, burada yanaşma fərqlidir. Rusiya dəhlizin 10 noyabr razılaşmasına uyğun açılmasında maraqlıdır, çünki öz qüvvələrini bura yerləşdirə və nəzarət imkanı qazana bilər.
Qərb Rusiyanın bu yola nəzarət etməsini istəmədiyi üçün dəhlizin Ermənistanın nəzarətində olmasını istəyir. Badalyanın bu iddiası daha çox Paşinyan hakimiyyətinin anti-Rusiya mövqeyinin və Qərbə yaxınlaşmasının Ermənistan üçün mənfi nəticələri haqda ictimai rəyi formalaşdırmaq cəhdidir. Badalyan bu fəaliyyətinə görə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən “qanunsuz silah saxlamaq” ittihamı ilə saxlanılıb, bir neçə gündən sonra izə azad edilib.
Bölgədəki proseslərin isə Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılması – Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi – istiqamətində getdiyi aydın görünür.publika.az