image-rt-reklam
image-1backend

Fransa və Almaniya Azərbaycanlı iş adamının şirkətinə sankisya tətbiq edir

image-728x90

Fransa və Almaniya Avropa İttifaqına Rusiyaya qarşı hazırlanmaqda olan 19-cu sanksiyalar paketi çərçivəsində Rusiyanın aparıcı neft şirkətlərindən biri olan, Azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus  “Lukoyl”a qarşı sanksiyalar tətbiq edilməsini təklif edib. Ulusal.az xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.

Fransa və Almaniya tərəfindən təqdim edilən birgə sənəddə vurğulanır ki, neft və qaz satışından əldə edilən gəlirlər Rusiya üçün Ukraynaya qarşı hərbi əməliyyatların əsas maliyyə mənbəyidir. Bu səbəbdən karbohidrogen satışının mərkəzində dayanan şirkətlərə və strukturlara, xüsusilə də “Lukoyl” kimi özəl qruplara qarşı daha sərt tədbirlər görülməsi zəruri hesab olunur.

Qeyd olunur ki, “Lukoyl” şirkətinin Avropa İttifaqı ərazisində, o cümlədən Belçikada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri mövcuddur. Bu, şirkətin sanksiya siyahısına salınmasını daha da aktuallaşdırır.

Bundan əlavə, Paris və Berlin sanksiyalardan yayınmağa yardım edən üçüncü ölkələrə qarşı da məhdudiyyətlərin sərtləşdirilməsini istəyirlər. Xüsusilə Rusiya neftini alıb, Avropa bazarına fərqli mənşə adı ilə satan neftayırma zavodları diqqət mərkəzindədir.

Aİ Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Rusiya neftinin idxalını böyük ölçüdə dayandırsa da, Slovakiya və Macarıstan kimi ölkələr Rusiyadan asılı olduqları üçün müvəqqəti istisnalara malikdirlər.

Sənəddə həmçinin Rusiyanın sanksiyalardan yan keçmək üçün istifadə etdiyi maliyyə mexanizmlərinə diqqətin artırılması tövsiyə olunur. Bildirilir ki, təxminən 250-ə yaxın kiçik bank, Rusiyanın müharibə ilə bağlı maliyyə əməliyyatlarında iştirak edir.

Yeni sanksiyalar paketi nə vaxt açıqlanacaq?

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini sentyabrın 12-nə qədər təqdim etməyi planlaşdırır. Hələlik sənədin nə zaman təsdiqlənəcəyi məlum deyil.

Bu arada, Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sullivan ABŞ-a səfər edib. O, Vaşinqtonda amerikalı həmkarları ilə yeni sanksiyaların koordinasiyası üzrə müzakirələr aparacaq.

Məlumata görə, Aİ-nin planlaşdırdığı yeni sanksiyalar enerji sektoru, kriptovalyuta birjaları və ödəniş sistemlərini əhatə edəcək və bu tədbirlər ABŞ ilə razılaşdırılmaqla həyata keçiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90