Dünyanın bir çox ölkəsində yeni evlənən cütlüklərə dövlət dəstək verir. Ulusal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq bundan sonra Türkiyə hökuməti də bu dəstəyi verəcək. Türkiyə Nazirlər Kabinetinin iclasından sonra prezident Rəcəb Tayyib Ərdoğan gənclərə yeni dəstək paketi ilə bağlı açıqlama verib. Prezident bildirib ki, ailə qurmaq istəyən gənc cütlüklərə verilən evlilik kreditinin məbləği artırılır.
Ərdoğan çıxışında vurğulayıb:
“Ailə və Gənclik Fondu vasitəsilə ailə həyatı quran gənclərə dəstəyimizi genişləndiririk. 2026-cı ilin yanvar ayından etibarən 18-25 yaş arası cütlüklər üçün kredit məbləğini 250 min lirəyə(10 min 300 AZN) qaldırırıq. Bundan əlavə, kreditlər faizsiz veriləcək və 12 aya qədər ödənişsiz dövr imkanı olacaq.”
Evlilik kreditinin şərtləri
Kredit məbləği: 250 min lirə (10300AZN)
Yaş məhdudiyyəti: 18–25 yaş arası gənc cütlüklər üçün maksimum məbləğ tətbiq ediləcək.
Faizsiz kredit olacaq.
12 ayadək ödənişsiz dövr veriləcək.
Ödəniş müddəti 48 ay təşkil edəcək.
Müraciət qaydası
Kredit üçün müraciətlər Ailə və Gənclik Fondu üzərindən qəbul olunacaq. Bunun üçün Ailə və Sosial Xidmətlər Nazirliyinin rəsmi internet səhifəsinə (aile.gov.tr) və ya Elektron Hökumət portalına (e-Devlet) daxil olmaq kifayətdir. Müraciət prosesi artıq bütün 81 əyalət üzrə açıqdır.