image-rt-reklam
image-1backend

Azərbaycanın sabiq nazirləri biznesini Britaniyaya daşıyır

image-728x90

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüksemburqdakı şirkətini bağlayıb, Avropadakı bütün biznesini Böyük Britaniyaya köçürüb. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat və sənədlər yayıb. (Axar.az)

O bildirib ki, keçmiş nazirin həyat yoldaşına məxsus Lüksemburqdakı MERCURY HOLDİNGS Sarl. 2017-ci ildən bu ilin yanvarına qədər fəaliyyət göstərib və birinci il onun aktivlərinin həcmi 82,3 milyon avro olub: “Aliyə Babayeva Britaniyada eyni adlı şirkəti 2023-cü ilin fevralında təsis edib, bu ilin yanvarında Lüksemburqdakı şirkət ləğv olunan kimi Britaniya Şirkətlər Evində yeni şirkətin benefissiarı elan olunub. Aliyə Babayeva Avropadakı əsas şirkəti üzərindən Gürcüstanın sığorta bazarında aktiv olan JSC PRİME INSURANCE-yə də nəzarət edir. 2023-cü ili əhatə edən son maliyyə hesabatına görə Babayevanın sığorta şirkətinin aktivləri 11 milyon 828 min lari olub”.

Qeyd edək ki, Heydər Babayevin Azərbaycanda yüksək vəzifəyə təyin olunana qədər də Avropada biznesi vardı. Belə ki, o, 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə isə iqtisadi inkişaf naziri olub.

Məlumdur ki, hakimiyyətdən uzaqlaşdırılan Ziya Məmmədovun oğlu, eləcə də ləğv edilmiş MTN şefinin övladları da Böyük Britaniyaya yerləşiblər, bizneslərini bu ölkəyə köçürüblər. Zaman-zaman onların maliyyə qaynaqları ilə bağlı müəyyən hüquqi problemlər olsa da, bu ölkədə qalmaqda, bizneslərini genişləndiriməkdə davam edirlər. Heydər Babayev hakimiyyətdən çoxdan uzaqlaşdırılsa da, indi onun ailəsinin də biznesini Britaniyaya köçürməsi diqqət çəkir. Qeyd edək ki, keçmiş kənd təsərrüfatı naziri, sonra isə baş nazir müavini işləmiş İsmət Abbasovun oğlunun da Londonda yerləşdiyi bəllidir. İngiltərəni Azərbaycanın sabiq nazirləri və onların ailə üzvləri üçün cəlbedici edən nədir?

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli  bildirdi ki, İngiltərə, London tək azərbaycanlı korrupsioner keçmiş məmurlar və onların ailə üzvləri üçün deyil, bütün dünyada “qara pullarını” işlətmək, leqallaşdırmaq istəyənlər üçün cəlbedicidir: “Çünki Britaniyanın çox yumşaq qanunvericiliyi var. Qeyri-leqal pulların leqallaşdırılması buna görə həmin ölkədə daha rahat həyata keçir. Avropa İttifaqı ölkələrində həddindən artıq requlyativ hüquqi aktlar var. Amma Londonda belə deyil. Britaniyanın özünün hətta yurisdiksiyasında olan ofşor zonaları da var. Məsələn, Virgin adalarının adını qeyd edə bilərik. Həmin ofşor zonalar vasitəsilə qeyri-leqal vəsaitlərin idarə edilməsi daha asan mümkün olur. Londonu cəlbedici edən budur. Rusiya oliqarxlarına da baxsanız görəcəksiniz ki, son 30 ildə Londona 700 milyard dollar vəsait yerləşdirmişdilər. Həmin oliqarxların və onların ailə üzvlərinin bir çoxu bununla həm də Britaniya vətəndaşlığı aldılar. Eləcə də azərbaycanlı oliqarx keçmiş yüksək vəzifəli şəxslərin bəzilərinin də ailə üzvlərinin Britaniya vətəndaşlığı aldığı haqda indiyə qədər məlumatlar yayılıb. Britaniyaya böyük miqdarda vəsait yatırmaq onlara bu imkanı yaradır. Britaniya bu cür şəxslərin həm qeyri-leqal vəsaitlərinin leqallaşdırılması, həm həmin vəsaitlərin böyük qazanc gətirməsi, həm də onlara vətəndaşlıq qazandırması üçün qanunvericiliyinin yumşaqlığı səbəbilə imkanlar yaradır”.

Ekspert qeyd etdi ki, Britaniyada, xüsusilə Londonda Azad Ticarət Zonalarının (ATZ) mövcudluğu da qeyri-leqal pulların bu ölkəyə yatırılmasına şərait yaradan faktorlardandır: “Bu zonalar əsasən ixracla əlaqədar olan mal və xidmətlər üçün əlverişli mühit formalaşdırır, habelə bu zonalarda orada işləmək icazəsi olan şirkətlərə münasibətdə tənzimləmə mexanizmi minimal səviyyədə tətbiq edilir. ATZ-lərin əlavə faydalarına rüsum və tariflərdən azad edilmə, sadələşdirilmiş inzibati prosedurlar, o cümlədən xammal, maşınqayırma avadanlıqları, ehtiyat hissələr və avadanlıqların gömrük rüsumlarından azad edilməklə idxalını aid etmək olar. Gömrük Prosedurlarının Sadələşdirilməsi və Uzlaşdırılması üzrə Beynəlxalq Konvensiyada (Kioto Konvensiyası) belə ərazilər ”azad zonalar” adı altında tanınır. Eyni zamanda ATZ-nin fəaliyyəti yalnız işgüzar fəaliyyətlə məhdudlaşmır, orada pərakəndə satış müəssisələrinə, yaşayış məntəqələrinə, maliyyə xidmətlərinə, hətta turizm və kazino sektorlarına rast gəlmək mümkündür. Beləliklə, ATZ dövlətin ərazisi daxilində gömrük və ya vergi nəzarəti baxımından xüsusi statusa malik olan, müəssisələrə onların inkişafının stimullaşdırılması üçün xüsusi imtiyazlar verilməklə onların ixrac və ya idxal məqsədləri ilə sahibkarlıq fəaliyyəti həyata keçirdiyi, yaxud xidmətlər təmin etdiyi ərazi və ya rejimdir. Böyük Britaniyadakı ATZ-lər əsasən müəssisə zonaları kateqoriyasına aid ATZ-lərdir. Yerləşdiyi ərazidə vergi imtiyazları və maliyyə qrantları vasitəsilə məxsusi şəhər və kənd ərazisində inkişafa nail olmaq məqsədilə yaradılan iqtisadi inkişaf zonalarıdır. Daha çox inkişaf etmiş ölkələrdə rast gəlinən bir zona növüdür. ATZ sistemində boşluqlar onun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında sui-istifadə edilməsi üçün münbit şəraitdir”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90