2025-2026-cı tədris ilinin başlamasına az vaxt qalır. Universitetə yeni qəbul olan və ya yuxarı kurslarda təhsil alan tələbələrin ən böyük qayğılarından biri yaşayış yeridir.
Bu dövrdə kirayə mənzil bazarında canlanma müşahidə olunur. Xüsusilə universitetlərə yaxın ərazilərdə qiymətlərin artıb-artmaması tələbələrin maraq dairəsindədir.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, qiymətlər hər il artır və bu artım son 3 ildə davam edən dinamik bir göstəricidir:
“Bu, daşınmaz əmlak bazarındakı daşınmaz əmlak obyektlərinin investisiya cazibədarlığının artması ilə əlaqədardır. Eyni zamanda manatın alıcılıq qabiliyyəti, dünyada baş verən infilyasiya prosesi, daşınmaz əmlakın hazırda investisiya obyekti kimi istifadə olunması, urbanizasiya prosesi və digər amillər buna təsir edir. 30 ildən artıq işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı dünya dövlətlərinin, xarici investorların Bakıya yönəlməsi, Bakının inkişafı, yeni bina və park sahələrinin salınması, infrastrukturun inkişafı və s. bunların hər biri daşınmaz əmlakın qiymətinə təsir edir. Daşınmaz əmlakın satış qiymətləri təbii ki, onun kirayə qiymətləri ilə də birbaşa bağlıdır. Bu da, kirayə seqmentində qiymətlərin artımını intensivləşdirir”.
Ekspert hər il ali təhsil müəssisələrinə yerləşdirmə prosesinin də qiymətlərə təsir göstərdiyini deyib:
“Bilirsiniz ki, hər il 50 mindən çox abituriyent tələbə adını qazanır. Onların əksəriyyəti rayonda təhsil almış abituriyentlərdir. Abituriyentlər ali məktəblərə qəbul olduqdan sonra Bakıya üz tuturlar. Ali təhsil müəssisələrinin əksəriyyəti isə Bakı şəhərində yerləşir. Bu da qiymətlərin artmasına təsir göstərir. Hazırda təhsil müəssisələrinə və metrolara yaxın ərazilərdə tələbələrin kirayə ev tapması mümkünsüzləşib. Ötən ilə nisbətən təxminən 10-12% qiymət artımını müşahidə edirik. Bu tendensiya əsasən avqustun sonlarında, sentyabrın əvvəllərində müşahidə olunur. Bu hər il təkrarlanan tendensiyadır. Bir neçə ildir ki, bu tendensiya təkcə tələbələr ilə bağlı olmayıb. Qiymətlərin yüksəlməsi daşınmaz əmlak bazarının il boyu qiymət artımına bağlı məsələdir.
Qiymətlər yaxşı halda sentyabrın sonlarına doğru tənzimlənəcək. Qiymət artımının davamlı olacağını vurğulamaq lazımdır. Əvvəllər tələbələr kirayə üçün 400-450 manata mənzillər tapa bildiyi halda, indi qiymətlər 550-600 manatdır. Bu da onları məcbur edir ki, bir neçə tələbə birləşib bir mənzil kirayə etsinlər. Bu da, qiymət artımına təsir edən amillərdən biridir”.
İqtisadçının sözlərinə görə, qiymət artımının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir.
“Keçmiş SSRİ dövründə mövcud olan yataqxanaların yenidən təmir olunub tələblərə istifadəyə verilməsi və bu yataqxanaların tikilməsi üçün dövlət proqramlarının təşkil olunması, sahibkarların bu istiqamətə yönəldilməsi, təhsil müəssisələrinin Bakıdan kənara çıxarılması, təhsil və yataqxanaların birgə olduğu kopmplekslərin təşkil olunması bu problemin həllinə bu və ya digər mənada təsir göstərə biləcək. Amma bunlar olsa da belə, daşınmaz əmlakın qiyməti təkcə Azərbaycanda deyil, bütün dünyada artıb və bu artım tendensiyası davamlı olaraq baş verəcək.”