2025-ci ilin birinci yarımilində Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat təşkil edib. Nəticədə hesabat dövründə icmal büdcədə 4 milyard 764,2 milyon manat profisit yaranıb. Büdcə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5 milyon manat, xərcləri isə 1 milyard 394,8 milyon manat çox olub. Bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrinin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Maraqlıdır, büdcədə yaranan profisit səbəbindən gələcəkdə maaşlar yenidən artırıla bilərmi?
Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, büdcədə yaranan profisitin mənbələri müxtəlif ola bilər: “Bu, nəzərdə tutulan xərcləmələrin olmaması ilə bağlı ola bilər. Məsələn, 100 manat nəzərdə tutulur, amma 80 manat xərclənir. Təxirə salıb gözləyirsən və beləcə büdcədə artıqlıq yaranır. Yəni bu, hələ vəziyyətin yaxşı olduğu anlamına gəlmir. İkincisi, bundan öncəki aylarda verilən məlumata görə, vergi və gömrük ödənişlərindən yığımlar artmışdı. Bunun da əsas səbəblərindən biri inflyasiyadır. Yəni qiymətlər artır, nəticədə də yığımlar çoxalır – daha baha məbləğdə vergi tutulur, gömrükdən məhsullar daha baha keçir.”
Ekspert qeyd edir ki, birinci rübdə bir sıra kataklizmlər yaşandı və bu da müəyyən dərəcədə profisitin yaranmasına səbəb oldu: “Birinci rübdə neftin qiyməti kəskin düşdü. Düzdür, hazırda qiymətlər dövlət üçün əlverişlidir, amma yenə də müəyyən narahatçılıq yarandı. Apreldə qiymət 80 dollardan 60 dollara düşdü, buna görə də ehtiyatlı davranıldı. Burada başqa bir məsələ yoxdur.”
X. Kərimli “Büdcədə yaranan artıqlıq gələcəkdə maaşların artırılması ilə nəticələnə bilərmi?” sualına isə belə cavab verib: “Büdcədə profisitin yaranması maaşların artırılması üçün əsas deyil. Maaşların yenidən artırılacağına dair hazırda ciddi bir əsas yoxdur. Maaşlar ilin əvvəlində minimum əməkhaqqının artırılması ilə müəyyən qədər yüksəldi. Sonradan digər dövlət qulluqçularının tarif cədvəlində də artım oldu, bəzi sahələr üzrə sərəncamlar verildi. Amma dövlət büdcəsindən maliyyələşən bütün şəxslərin maaşı artırılmadı. Hazırda yaxın aylarda belə bir gözlənti yoxdur. Növbəti ildə büdcə müzakirələri zamanı bu məsələ gündəmə gələ bilər”.“AzPolitika.info”