Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra rəsmi Bakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasına qərar verdi. Başda səfir Əli Əlizadə olmaqla, bütün diplomatlar və onların ailə üzvləri İrandan təxliyə olundu.
Bəs, səfirliyin fəaliyyəti nə vaxt bərpa olunacaq? Bakının bununla bağlı hansı şərtləri var?
Ulusal.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini dayandırması səbəbsiz deyil və Bakının atdığı addım doğrudur:
“Azərbaycanla İran arasında diplomatik əlaqələr tam kəsilməyib. Sadəcə olaraq bu ölkədəki səfirliyimizin fəaliyyəti dayandırılıb. Buna səbəb İranın səfirliyi qoruya bilməməsi, diplomatik missiyalara tamamilə başqa gözlə, terrorçu gözü ilə baxması olub”.
Politoloq hesab edir ki, hazırkı gərgin vəziyyət uzun çəkməyəcək:
“Mən vəziyyətin həmişəlik belə qalacağını düşünmürəm. Vəziyyət tələb etdikdə, səfirliyimiz İranda öz işinə davam edəcək. Ancaq bunun üçün İran bir sıra şərtləri ödəməlidir. Səfirliyə hücum edən terrorçunun təhqiqatı obyektiv aparılmalı, hücumçunun terrorçu olması və arxasında hansı siyasi qüvvələrin olması bəyan edilməlidir. Belə olan halda səfirliyin bərpası mümkündür. Eyni zamanda İranda yaşayan 40 milyona yaxın azərbaycanlının müəyyən hüquqlarının bərpa olunması səfirliyin fəaliyyətinin bərpa edilməsinə şərait yarada bilər”.
Politoloq Fikrət Sadıqov isə düşünür ki, ilk növbədə istintaqın gedişatına nəzarət etmək lazımdır. Onun sözlərinə görə, İran Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməyə borcudur:
“Çalışmalıyıq ki, istintaq şəffaf şəkildə aparılsın. Terrorçu hansı niyyətlə səfirliyimizə hücum edib, onun arxasında hansı qüvvələr dayanıb, kim bu hücumda maraqlıdır və faktlar üzə çıxarılmalıdır. Məncə, İran-Azərbaycan münasibətlərinin taleyi məhz istintaqın nəticələrindən asılı olacaq”.
“Bizə konkret nəticə lazımdır. Qoy, rəsmi Tehran bu hücumun arxasında kimlərin dayandığını, bu qüvvələrin konkret niyyətlərinin nə olduğunu öyrənib, bizə xəbər versin. Əks halda münasibətlərimiz təbii ki, gərgin olaraq qalacaq. Hər halda bizim heç bir günahımız yoxdur. Gərginliyin daha da kəskinləşməsində maraqlı deyilik. Bu baxımdan Azərbaycan Təbrizdəki baş konsulluğunu bağlamaq niyyətində deyil. Bir şərtlə ki, Baş konsulluğa da təhlükə yaranmasın”, – sabiq diplomat əlavə edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. İran hakimiyyəti terror aktını ört-basdır etmək üçün hadisənin guya ailə münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Lakin əldə olunan faktlar Tehranın saxta iddialarını tamamilə ifşa edib.