image-rt-reklam
image-img-20251013-wa0135backend

Qlobal diplomatiyada Azərbaycanın artan rolu

image-728x90

Vasif Qafarov
Milli Məclisin deputatı

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Misir Ərəb Respublikasına səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin beynəlxalq siyasətdə getdikcə daha təsirli və balanslı oyunçuya çevrildiyini göstərən mühüm hadisədir. Bu səfər Azərbaycanın regional və qlobal diplomatiyada nüfuzunun artdığını, sülh və əməkdaşlıq prinsiplərinə sadiq qaldığını nümayiş etdirir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitinə qatılması Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun bariz göstəricisidir.
Yaxın Şərq kimi mürəkkəb və gərgin regionda belə bir sammitdə iştirak etmək Azərbaycanın neytral, etimad doğuran və dialoqa açıq dövlət imicini daha da gücləndirir. Bu həm də Prezident İlham Əliyevin qlobal miqyasda sülhün bərqərar olması istiqamətində təqdim etdiyi realist, praqmatik və balanslaşdırılmış xarici siyasətin nəticəsidir. Azərbaycan son illərdə Qərb və İslam dünyası arasında körpü rolunu oynayaraq beynəlxalq münasibətlərdə nadir tarazlıq nümunəsi yaradıb.
Sülh Sammitində iştirak həm də Azərbaycanın praktiki sülh təcrübəsinin beynəlxalq səviyyədə tanındığını göstərir. 44 günlük Vətən müharibəsindən sonra regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürən ölkə kimi Azərbaycan münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin mümkünlüyünü sübut edib. Bu baxımdan Prezident İlham Əliyevin sammitdə iştirakı onun sülhün qurulmasında təcrübəsinin və siyasi iradəsinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Misir səfəri həm də enerji və iqtisadi diplomatiya baxımından strateji əhəmiyyət daşıyır. Qlobal enerji bazarlarında dəyişikliklərin müşahidə olunduğu bir dövrdə Azərbaycan öz enerji siyasətini həm Avropa, həm də Yaxın Şərq istiqamətində genişləndirir. Misirlə dialoqun güclənməsi gələcəkdə enerji, logistika, ticarət və texnologiya sahələrində yeni əməkdaşlıq imkanları yaradacaq. Bu isə Azərbaycanın Cənub Qaz Dəhlizi kimi regional layihələrinin əhatə dairəsini daha da genişləndirəcək və ölkəmizin iqtisadi maraqlarını möhkəmləndirəcək.
Prezident İlham Əliyevin bu səfəri Azərbaycanın xarici siyasətinin çoxvektorlu və müstəqil xarakterini bir daha nümayiş etdirir. Bakı həm Qərblə, həm də İslam dünyası ilə əməkdaşlıq etməyi bacaran, qarşıdurmadan çox dialoqa üstünlük verən bir dövlət kimi tanınır. Bu siyasət milli maraqlara əsaslanır və qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq prinsiplərinə söykənir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Misir səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıran hadisədir. Bu addım ölkəmizin qlobal sülh təşəbbüslərinin fəal iştirakçısı kimi qəbul edilməsinə, beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş imicinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan artıq təkcə regional deyil, həm də qlobal miqyasda səsi eşidilən, sülh, sabitlik və əməkdaşlıq ideyalarının daşıyıcısı olan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin Misir səfəri məhz həmin strateji mövqenin daha da güclənməsinə xidmət edən uğurlu diplomatik addım kimi tarixə düşəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90