Mövzu ilə bağlı “Yeni Sabah”a danışan müğənni Afət Fərmanqızı bildirib ki, sənət adamlarının cəmiyyətə çox böyük təsiri var.
Onun fikrincə, burada telekanallar da xüsusi rol oynayır. A.Fərmanqızı özünü müğənni sayan bəzi qadınların televiziyaya dəvət olunmasını düzgün saymır:
“Həmin müğənniləri efirə çıxarıb “xanım” deyə müraciət olunursa, hazırki durum normaldır. Bu gün gənc qızlar ailə qurmaq istəmirlər, düşünürlər ki, niyə kasıb oğlana ərə gedək? Onlar namuslu ailə həyatı istəmirlər, baxırlar ki, filankəslər 2 fonoqram mahnı ifa edir, altında avtomobili, evləri var, kimlərinsə əri onlara xeyli pul xərcləyir. Əxlaqsız müğənnilərin efirdən əxlaqsızlığı təbliğ etməsinə görə gənclərin tərbiyəsi pozulur. Onlar efirlərdə bunu danışıb təbliğ etməsələr, bu söhbətlər evlərə də girməz. Yayılan statistikanı hər kəs görür, görünən dağa nə bələdçi?”.
Afət Fərmanqızı qeyd edib ki, sosial şəbəkələrdə bu mövzunu gündəmə gətirib, milli-mənəvi dəyərlərə hörmət olunmasının vacibliyini vurğulayıb:
“Sosial şəbəkədə “Afətlə doğrular” adlı rubrikamda mən də bu mövzunu ictimailəşdirmişəm, onlar ağılda olanlar məni qınayıblar, amma ziyalı, ədəb-ərkanlı, mental dəyərlərə hörmət edənlər məni dəstəkləyirlər. Sosial şəbəkələrdə məni tənqid edənlərin böyük əksəriyyəti saxta profillərdir, bu düşüncədə olanlar çox azdır”.
O, Xalq artisti Zeynəb Xanlarova kimi sənətkarların örnək olduğunu vurğulayıb:
“Biz gözümüzü açıb Zeynəb Xanlarovanı görmüşük, ondan örnək götürmüşük, həm mahnıları, həm geyimi, həm xanımlığı ilə bizlərə nümunə olub. Düzdür, hər birimiz Zeynəb, Rübabə, Sara xanım ola bilmərik, amma gəlin, çalışaq o insanlardan, onların irsindən, ortaya qoyduqları işdən yararlanaq. Ola bilər onların da dövründə bu cür şeylər olub, amma bu ictimailəşməyib, telekanallardan evlərə girməyib, cəmiyyətin əxlaqını pozmayıb”.
Afət Fərmanqızı cəmiyyətdə yaranmış tendensiyanı tənqid edib:
“Bizdə bir tendensiya yaranıb, pis nədirsə, cəmiyyət dərhal ona meyl edir. Yeniyetmələr də baxır ki, səhər tezdən durub dərs oxuyur, universitetə hazırlaşır, zülmlə oxuyur, ali təhsil alır, sonra iş tapmaqda çətinlik çəkir, amma ikinci sinifə qədər oxuyan, adını güclə yazan, vurma cədvəlini belə bilməyənlər ən bahalı maşını sürür, ən bahalı evlərdə yaşayırlar. Belə olan halda, gənc düşünür ki, görüm bu nə edib ki, belə yaşayır, mən də eynisini edim”.
İfaçı ailəsi və təhsili barədə də danışıb:
“Mən özüm ziyalı ailədə böyümüşəm, anam da, atam da müəllim olub. Anam o vaxt dəfələrlə Səməd Vurğun adına Qazax xalq çalğı alətləri ansamblı ilə dövlət televiziyasında çıxış edib, eyni zamanda, pedaqoji fəaliyyətini davam etdirirdi. Atam da ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə elm sahəsi üzrə “Xalqlar Dostluğu” ordeninə layiq görülən müəllim olub. Mən də atamın ixtisasına yiyələnmişəm, kimya, biologiya müəllimiyəm. Səs də mənə anamdan keçib. Bizim ailədə hər kəs ali təhsil alıb, gözümüzü açıb özümüzü kitabxanalarda tapmışıq”.
Afət Fərmanqızı etiraf edib ki, bir vaxtlar bayağı müğənnilərdən təsirlənib:
“Amma özümlə bağlı bir nüansı etiraf edəcəyəm, mən vaxtilə bayağı oxuyan bir müğənnidən nümunə götürmüşəm. Geyim sahəsində Zeynəb Xanlarova, Nazpəri Dostəliyevadan örnək götürürəm. Repertuarımda da əvvəllər bəstəkar mahnıları var idi, sonra gördüm insanların çoxunun zövqü korlanıb, bizə pul xərcləyənlər də həmin zövqü korlanmış şəxslərdir. Mən də keçdim bu tip mahnılar oxumağa. Mənə bayağı oxuyan müğənnilərdən biri təsir etdi”.
Müğənni bildirib ki, səviyyəsiz mahnılar bu gün daha çox populyardır:
“Mən illərlə təhsil almışam, amma müəllim maaşı ilə nə ürəyim istəyən avtomobili sürə bilə, nə ailəmə dəstək ola, nə də övladıma yaxşı təhsil verə bilərdim. Baxdım ki, vəziyyət çətindir, dedim görüm yaxşı qazananlar nə oxuyur, onlar kimi oxuyum. Gördüm ki, oxuduqları “üç badam, bir qoz”dan başqa bir şey deyil, səviyyəsiz mahnılardır. Getdim mən də səviyyəsiz mahnılar oxudum, bundan sonra çörək tapdım. Bəli, bu gün reallıq belədir. İnsanlar çox səviyyəsiz mahnılara pul xərcləyir, sosial şəbəkələrdə məhz onu trend edirlər. Səviyyəli mahnı oxuyanda artıq əvvəlcədən bilirsən ki, “YouTube”da trend olmayacaq, nəinki trend, heç 1000 baxışı belə keçməyəcək. Mən səviyyəli mahnı oxuyanda heç toylara dəvət etmirdilər, mən də keçdim küçə mahnılarına, bu mahnılara pul xərcləyənlərin zövqünü oxumağa başladım”.