Rusiyada güneyli rejissor Cəfər Pənahinin “Sadə bir təsadüf” filminin elan edilmiş tarixdə nümayişi ləğv olunub.
Ulusal.az xəbər verir ki, bu haqda filmin Rusiya distribütor şirkəti məlumat yayıb.
Nümayişin ləğvinə Rusiya Mədəniyyət Nazirliyinin icazə verməməsi səbəb olub. Oktyabrın 30-dan Rusiya kinoteatrlarında nümayişi planlaşdırılan filmə qoyulan qadağanən səbəbi açıqlanmayıb.
Qeyd edək ki, “Sadə bir təsadüf” filmi İran hökumətini tənqid edən kinorejissor, sonuncu Kann Film Festivalında “Ən yaxşı film” nominasiyasında “Qızıl Palma” mükafatını qazanan Cəfər Pənahinin son işidir.
Film rəsmi icazə olmadan və hicabsız qadın aktyorların iştirakı ilə İranda çəkilib və İran hökuməti onu qadağan olunmuş əsərlər siyahısına salıb.