Yardımlı rayonunun Şıxlar kəndində yerləşən M.T.Zamanov adına tam orta məktəbin 10-cu sinif şagirdləri dərsə gedə bilmir. Şikayətçilərin sözlərinə görə, şagird sayı az olduğuna görə sinif bağlanıb.
Məktəbin şagirdi Rihad Kamilov “Yeni sabah”a bildirib ki, sinifdə əvvəlcə beş nəfərin oxuması planlaşdırılıbmış:
“Biz 5 nəfər olmalı idik, amma qonşu Gölyeri kəndindən gəlməli olan bir şagirdin valideyni qeydiyyatı gecikdirib. Onun adı sistemə düşmədiyi üçün sinifdə 4 nəfər göründü və sinfi bağladılar”. pizza sifarişi
“Qonşu kəndlərdəki məktəblərə getmək mümkün deyil”
Rihad deyib ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi onlara qonşu kənd məktəblərində təhsili davam etdirməyi təklif edib. Lakin bu, kənd sakinləri üçün praktik olaraq mümkün deyil:
“Biz kənd yerindəyik, qonşu məktəblər uzaqdadır, yollar da pis vəziyyətdədir. Buna görə öz məktəbimizdə oxumaq istəyirik. Valideynlər idarəyə və sektor müdirinə müraciət ediblər, amma nəticə yoxdur. Bəhruz Mehdiyev məsələ ilə maraqlanmır”.
“Sinif normativə cavab vermir”
Lənkəran-Astara Regional Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb. Qurumdan Yenisabah.az-a bildirib ki, qanunvericiliyə əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində azkomplektli siniflərin fəaliyyətinə icazə verilir.
Açıqlamada qeyd olunur:
“Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır. Şıxlar kənd məktəbində X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir”.
İdarə həmçinin bildirib ki, valideynlərlə görüş keçirilib, mövcud qaydalar izah olunub və şagirdlərə qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib.