“Putin riskli qərarların qəbulundan yayınır”.
Bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) son geniş hesabatında bildirib.
Amerikalı mütəxəssislər hesab edirlər ki, hələ müharibənin lap əvvəlindən Putin riskli qərarlar verməyə meylli olmayıb: “Putin səhv təsəvvürdən çıxış edərək hesab edirdi ki, rus qoşunları böyük hərbi itkilər olmadan Kiyevi kapitulyasiyaya məcbur edə biləcək. Ona görə də Rusiyanın hərbi müdaxiləsinə məqbul səviyyəli risk kimi baxırdı”.
İnstitutun analitikləri Putinin riskli qərarlardan yayınmağa çalışmasını bir neçə faktla isbatlamağa çalışıblar. Məsələn, onlar qeyd edirlər ki, Putin yalnız 2022-ci ilin iyun-iyul aylarında Severodonetsk və Lisiçansk şəhərləri uğrunda gedən ağır döyüşlərdə baş vermiş ciddi itkilərdən və Rusiya ordusunun tükənməsindən sonra başqa çıxış yolu qalmadığından çox könülsüz şəkildə səfərbərliyə dair qərar verdi.
O, həmçinin may ayında millətçilərin Ukraynaya rəsmən müharibə elan edilməsi, Rusiyada hərbi vəziyyət elan olunması, iqtisadiyyatın və əhalinin müharibə şəraitinə uyğun olaraq tam səfərbər edilməsi çağırışlarını da rədd etmişdi: “Rusiya Prezidenti 300 min nəfərlik yox, daha böyük miqyaslı səfərbərlik elan edə bilərdi. Lakin görünür, qorxurdu ki, onsuz da əhali arasında qeyri-populyar olan səfərbərlik qərarı onun özünün Rusiya cəmiyyətindəki populyarlığını ciddi şəkildə zəiflədə bilər”.
Qeyd olunur ki, Putin hələ də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin işğal altındakı ərazilərində belə, rəsmən hərbi vəziyyət elan etməyib.
Eyni zamanda, mütəxəssislər bildirirlər ki, Putinin ciddi risklərdən yayınması hansısa digər humanist və loyal hisslərdən deyil, bu qərarların onun özü üçün yarada biləcəyi təhlükələrdən irəli gəlir: “Rusiya Prezidenti “qurbanlıq keçilərə” güvənir. Hansı ki, məhz onlar ictimaiyyət qarşısında açıq şəkildə Kremlin qeyri-populyar siyasətinə və hərbi uğursuzluqlarına görə məsuliyyəti öz üzərlərinə götürürlər. Məsələn, Xersondan və Xerson vilayətinin sağ sahildəki ərazilərindən çıxarılmasına görə məsuliyyəti təbliğatçılat Rusiya ordusunun Ukraynadakı o vaxtkı komandanı general Sergey Surovikinin üzərinə atdılar. Putinin özünün başlatdığı müharibə ilə bağlı riskləri öz üzərinə götürməməsi onu göstərir ki, o, hələ də çətin ki, nüvə eskalasiyasına və NATO ilə müharibəyə getsin…”
Xatırladaq ki, Putin Volqoqrada son səfəri zamanı bir daha Qərbi nüvə silahı ilə təhdid edən eyhamlar vurdu. Onun “dublyoru” sayılan sabiq prezident Dmitri Medvedev isə növbəti dəfə nüvə silahı ilə bağlı daha açıq hədə-qorxularla çıxış etdi. Lakin Qərbin Ukraynaya silah tədarükünə dair davamlı və kifayət qədər qətiyyətli qərarları göstərir ki, artıq Rusiyaya qarşı koalisiyada birləşən dövlətlər Kremlin nüvə təhdidlərinə bir o qədər ciddi yanaşmırlar…
C.Məmmədov
“AzPolitika.info”