image-rt-reklam
image-1backend

Azərbaycan Qəzzaya sülhməramlı göndərə bilər – Politoloq

image-728x90

Azərbaycan  Qəzza bölgəsinə sülhməramlı qüvvə göndərə bilər . Bu təşəbbüs, regionda gərginliyin artdığı bir dövrdə Azərbaycanın beynəlxalq arenada sülhün və təhlükəsizliyin qorunmasına yönəlmiş fəal siyasətinin göstəricisi kimi qiymətləndirilir.

Politoloq Arzuman Muradlı məsələ ilə bağlı saytımıza verdiyi açıqlamada bildirib ki, Azərbaycanın sülhməramlı missiyalarda iştirakı artıq yeni hal deyil. O xatırladıb ki, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingenti indiyədək Əfqanıstan, İraq və Kosovo kimi müxtəlif bölgələrdə beynəlxalq missiyalarda uğurla fəaliyyət göstərib.

Ekspertin sözlərinə görə, bu missiyalar Azərbaycanın həm ordu quruculuğu sahəsində, həm də beynəlxalq humanitar əməkdaşlıq istiqamətində böyük təcrübə qazanmasına imkan yaradıb:

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Azərbaycan sülhməramlıları uzun illər ərzində dünyanın müxtəlif qaynar nöqtələrində fəaliyyət göstərib, çətin şəraitdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıblar. Onların peşəkarlığı, nizam-intizamı və humanitar prinsiplərə sadiqliyi beynəlxalq aləmdə yüksək qiymətləndirilib.”

Arzuman Muradlının fikrincə, Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərilməsi məsələsinin gündəmə gəlməsi ölkəmizə olan beynəlxalq etimadın və sülhə töhfə vermək potensialının göstəricisidir:

“Bu, sadəcə hərbi addım deyil, həm də diplomatik etimadın, regional sabitliyə dəstəyin rəmzidir. Azərbaycan artıq dünyada sülh proseslərini idarə edən, münaqişələrin həllinə konstruktiv yanaşan ölkə kimi tanınır.”

Politoloq hesab edir ki, Qəzza böhranı ilə bağlı formalaşacaq beynəlxalq sülhməramlı missiyada Azərbaycanın da iştirak etməsi tamamilə real və məntiqli addım olardı. Onun fikrincə, Azərbaycan bu kimi missiyalarda həm humanitar, həm də təhlükəsizlik aspektlərindən fəal rol oynaya bilər:

“Azərbaycan regionda sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma prinsiplərini dəstəkləyən ölkədir. Əgər Qəzzaya sülhməramlı qüvvə göndərilməsi reallaşarsa, Azərbaycan bu missiyadan kənarda qalmayacaq. Qəzzada sülhün və sabitliyin təmininə yönəlmiş beynəlxalq səylər çərçivəsində Azərbaycanın iştirakı həm ölkənin beynəlxalq nüfuzunu daha da artırar, həm də qlobal sülh təşəbbüslərinə dəyərli töhfə olar.”– deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90