Tibb sektorunda fəaliyyət göstərən “SEM-AZ” MMC cari ildə qalib gəldiyi satınalma müsabiqələrinin sayını 5-ə çatdırıb.
Qaynarinfo xəbər verir ki, şirkət dünən Səhiyyənin Təminatı Mərkəzinin laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan materialların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 801 912,66 manat təşkil edir.
“SEM-AZ” MMC bundan əvvəl Analitik Ekspertiza Mərkəzinin keçirdiyi 2, Səhiyyənin Təminatı Mərkəzi və Regional Su Meliorasiya Xidmətinin isə 1 satınalma müsabiqəsinin qalibi seçilib. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 611 254,92 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.

Anar Məmmədov eyni zamanda “SEM-AZ Laboratoriya Cihazları” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, ev 2, döngə 11-də yerləşir.
İstər “SEM-AZ” MMC, istərsə də “SEM-AZ Laboratoriya Cihazları” MMC haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.
Mediada dərc edilən materiallarda isə “SEM-AZ” MMC haqqında ilginc faktlar var. Bildirilir ki, “SEM-AZ” MMC əslində səhiyyə nazirinin keçmiş müavini Elservər Ağayevə məxsusdur. Qarşı tərəfin bu iddianı təkzib etməsi barədə heç bir məlumat yoxdur.
Elsevər Ağayev 22 ilə yaxın səhiyyə nazirinin müavini vəzifəsində çalışıb. O, nazir müavini vəzifəsinə 1999-cu ildə təyin edilib. 2022-ci ildə isə işdən çıxarılıb.
Görünür, Elserevər Ağayev nazir müavini vəzifəsindən azad edilsə də, səhiyyə sisteminə təsir imkanlarını itirməyib. Əks təqdirdə onun şirkəti “tender kralı”na çevrilməzdi.