Oktyabrın 17-də Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa çatdırılan o xoş xəbərin yaratdığı böyük sevinci, coşqunu heç vaxt unutmaq olmaz. Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti demək olar ki, tamamilə dağıdıldı.
30 il Ermənistan ordusu burada 5- 6 xətdən ibarət güclü istehkam qurmuşdu. Hərbi ekspertlər bu müdafiə xətlərini yarmaq üçün istənilən orduya bir neçə ay lazım ola biləcəyini vurğulayırdılar.
Azərbaycanın igid oğulları bütün dünyanı heyrətə sala biləcək böyük qəhrəmanlıq nümayiş etdirərək qısa müddətdə bu müdafiə xətlərini tamamilə dağıtdılar. Ən tanınmış hərbi ekspertlər bu əməliyyatın miqyasına və peşəkarlığına heyranlıqlarını ifadə edərək, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini etiraf etdilər.
Bu qələbənin simvolu olaraq 2020-ci ilin noyabrında “Füzulinin azad olunmasına görə” medalı təsis olundu. 25 mindən çox hərbi qulluqçu bu mükafata layiq görüldü.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə isə 17 oktyabr – “Füzuli şəhəri günü” elan edildi. Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur və Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.
Artıq Füzuli Azərbaycanın müasir inkişaf modelinin parlaq nümunəsinə çevrilib. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı tikilib, şəhərin Baş planı təsdiqlənib, enerji və nəqliyyat infrastrukturu bərpa olunub. Köndələnçay su anbarı kompleksi, yeni elektrik yarımstansiyaları, yollar və sosial obyektlər regionun dirçəlişini təmin edir.
Bütün bu addımlar Füzuli rayonunun sosial-iqtisadi durumunun yaxşılaşdırılması və burada yüksək yaşayış standartlarının təmin olunması üçün həyata keçirilir. İnfrastruktur layihələri nəqliyyatı və iqtisadi fəaliyyətləri asanlaşdıraraq, iş yerlərinin açılmasına və yeni investisiyaların cəlb edilməsinə şərait yaradır.
Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin geri qayıdışı isə bölgənin davamlı inkişafını təmin edəcək. Bu proses yalnız Füzulinin yenidən qurulması ilə məhdudlaşmayacaq, eyni zamanda, regionda sosial və iqtisadi tarazlığın bərpa olunmasına xidmət edəcək.
İşğal nəticəsində tamamilə dağıdılmış şəhərlər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası və məskunlaşma planlarının həyata keçirilməsi Böyük Qayıdış Proqramının əsas prioritetlərindəndir.
Proqramın birinci mərhələsinin icrası çərçivəsində, 2026-cı ilin sonuna qədər Füzuli rayonunda 22 min insanın məskunlaşacağı gözlənilir. Bu, rayona yeni həyat gətirməklə yanaşı, demoqrafik balansın bərpası və iqtisadi fəaliyyətin canlanmasında da mühüm rol oynayacaq.
Füzulinin bərpası təkcə ərazi və infrastruktur baxımından deyil, həm də insanların həyat şəraitini yaxşılaşdırmaq və bölgənin gələcək inkişafını təmin etmək baxımından vacibdir. Burada həyata keçirilən layihələr, gələcəkdə Füzuli rayonunu müasir və dinamik bir mərkəzə çevirmək məqsədi daşıyır və bu, bütün Azərbaycan xalqı üçün strateji əhəmiyyət daşıyır.