“Rusiya büdcəsi 2023-cü ilə yaxşı başlamadı: yanvarda onun defisiti 1,8 trilyon rubl olub – bu, uzun illər ərzində rekorddur. Rusiya nefti dünya nefti ilə müqayisədə endirimlə satılır, iqtisadiyyat ixtisara gedir, müharibə isə daha çox pul istəyir. Hələ ki, büdcə dəliklərini yamamaq üçün ehtiyat var, amma onlar uzun müddət bəs edəcəkmi?”
Rusiyanın rezervləri və onların nə vaxta qədər kifayət eləyəcəyi barədə BBC-nin rus redaksiyasının dərc etdiyi araşdırmada belə deyilir.
Rusiyanın əsas büdcə yastığı olan Milli Rifah Fondunda (MRF) fevralın əvvəlində 10,8 trilyon rubl vardı. Bu, təxminən 155 milyard dollar və ya ÜDM-nin 7,2 faizidir. İlk baxışda bu çox görünür. Amma Ukrayna müharibəsinin davam etməsi və bundan doğan iqtisadi böhran fonunda Rusiya ehtiyatları göz önündə əriyir. Belə ki, 2022-ci ilin əvvəlində MRF-da 13,6 trilyon rubl vardı.
2023-cü ilin yanvarında Maliyyə Nazirliyi MRF-dən 38,9 milyard rubl dəyərində yuan və qızıl satıb, bunun hamısı büdcə yırtığını örtməyə gedib. 2022-ci ildə eyni məqsədlə MRF-dan təxminən 3 trilyon rubl götürülüb. Daha 1 trilyon müxtəlif investisiyalara yönəldilib. Bu il vəziyyət çətin ki, dəyişsin. Büdcə 3 trilyon rubl defisitlə hazırlanıb, neftin barrelinin qiyməti də 70 dollardan götürülüb. Qərb sanksiyalarına görə isə, Rusiya nefti dünya bazarlarından qopub: yanvarda “Urals”-ın barreli hökumətin proqnozlarından xeyli aşağı idi – cəmi 49,48 dollar. Əgər belə davam edərsə, gerçək defisit proqnozlardan xeyli çox olacaq.
Nəticə bəsitdir: büdcə gəlirləri bütün xərclərini maliyyələşdirmək üçün yetərli deyil, deməli ehtiyatlar bundan sonra da xərclənəcək. BBC-nin rus xidməti onun nə qədər çatacağını və sonra nə baş verəcəyini araşdırmağa çalışıb.
Son illər Rusiya hakimiyyəti çox sərt büdcə siyasəti yürüdürdü. Müharibəyə qədər büdcədə neftin qiyməti 40 dollardan bir qədər yüksək müəyyənləşdirilirdi, real qiymət isə xeyli yüksək idi – bütün artıq vəsait MRF-yə gedirdi.
İndiki 11 trilyon rubl məhz həmin qənaətcilliyin nəticəsidir. Amma bununla bağlı hər şey heç də sadə deyil. MRF-nin likvid hissəsi var – asanlıqla çıxarıb xərclənməsi mümkün olan aktivlər, məsələn yuan, rubl və ya qızıl. Bir də qeyri-likvid hissə var: bunlar müxtəlif qiymətli kağızlara qoyulan vəsait və şirkətlərə qoyulan sərmayədir. Bu hissəni tez-tələsik xərcləmək daha çətindir.
MRF-nin indiki həcminin 40 faizi qeyri-likvid aktivlərdir və “Bloomberg Economics”dən Aleksandr İsakov deyib ki, onlardan büdcə defisitini örtmək üçün istifadə etmək çətindir. MRF-nin likvid hissəsi fevralın əvvəllərində xeyli az idi: 6,3 trilyon rubl və ya 91 milyard dollar.
Əgər büdcə defisiti ildə 3 trilyon rubl həcmində olarsa, hətta sadə riyaziyyat göstərir ki, ehtiyatlar yalnız 2 il bəs edəcək. BBC-nin soruşduğu iqtisadçılar da oxşar proqnozlar verirlər.
İqtisadçı Aleksandra Osmolovskaya-Suslina hesab edir ki, hökumətin xərcləri artırmadığı və qəbul olunmuş büdcə çərçivəsində hərəkət etdiyi halda belə likvid məbləğ bir-iki ilə çatacaq. Sofya Donets də bu fikirdədir.
Amma bu proqnozların mühüm bir şərti var. “MRF-nin həcmi ilə bağlı vəziyyət hərbi konfliktin nə qədər davam edəcəyindən, hansı şərtlərlə bitəcəyindən, eləcə də Rusiya karbohidrogenlərinin qiymətindən və onlara olan tələbatdan birbaşa asılıdır”, – Osmolovskaya-Suslina vurğulayır.
Reallıqda Rusiyanın bu iki ili varmı?
Bazar ertəsi Maliyyə Nazirliyi yanvarda büdcənin yerinə yetirilməsi ilə bağlı statistikanı açıqladı və o, yetərincə şok yaratdı. Büdcə defisiti təxminən 2,8 trilyon rubl təşkil edib. 2022-ci ilin yanvarı ilə müqayisədə gəlirlər 35%, neft-qaz gəlirləri isə 46% azalıb.
Amma xərclərlə bağlı vəziyyət daha pisdir. 2023-cü ilin yanvarında onlar təxminən 60% artaraq 3 trilyon rublu keçiblər.
“Defisitin böyüməsinin əsas səbəbi – yanvar üçün qeyri-adi dərəcədə yüksək xərclərdir. Əgər xərclər ötən ilki səviyyədə olsaydı, defisit 700 milyard rublu keçməzdi”, – İsakov belə hesab edir.
İqtisadçı xərclərin artımını bu ilin büdcə sistemi üçün əsas risk hesab edir. Amma gəlirlə bağlı da yaxşı bir şey gözləmir: neft-qaz gəlirləri bir-iki trilyon az olacaq.
Bir sıra daxili vergilər də federal büdcəyə gedir. Əgər biznes fəallığı məhdudlaşarsa, onlar da azala bilərlər. Yanvarda bu daxilolmalar da çöküb. Amma burada, daha çox bürokratik amillər rol oynayıb – ƏDV-nin kompensasiyası və gəlir vergisi üzrə əlavə ödənişlər. İqtisadçılar bunu hələ ki, müvəqqəti azalma hesab edirlər.
Maliyyə Nazirliyi inandırır ki, yanvar çöküşü ümumən müvəqqətidir və eyni zamanda, xərclərin planlaşdırılan büdcə çərçivəsində olacağını bildirir. Amma bir çoxları qurumun proqnozlarına şübhə ilə yanaşırlar. Məsələn, investisiyalar üzrə mütəxəssis Dmitri Polevoy ilin yekununda büdcə defisitinin 3,5-3,6 trilyon rubl olacağına əmindir.“AzPolitika.info”