Bir neçə gündür Rusiya Müdafiə Nazirliyinin rəsmi internet mənbələrində yerləşdirilən məlumatlarda Azərbaycanın yaşayış məntəqələrinin adları uydurma erməni toponimləri ilə qeyd olunur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi rəsmi şəkildə qarşı tərəfə öz narazılığını bildirsə də, Rusiya Müdafiə Nazirliyi bu təxribatlarından əl çəkmir və eyni erməni adlarından istifadə etməkdə davam edir. Rusiya MN-nin bilərəkdən bu cür addımlar atması Azərbaycan dövlətinin və cəmiyyətinin ciddi narazılığına səbəb olub.
Bu barədə Müdafiə Nazirliyinin sonuncu müraciətində bildirilir: “Təəssüflə bildiririk ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən narazılıq ifadə olunmasına baxmayaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunması yenə də davam edir. Qarabağ iqtisadi rayonunun “Dağlıq-Qarabağ ərazisi” kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırırıq. 28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, “Martuni”, “Madagiz” və “Getavan” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR”.
Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şixəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiya sülhməramlılarının mətbu orqanlarında Azərbaycan ərazilərinin erməni toponimləri ilə göstərilməsi ilk belə hal deyil: “Bu, sülhməramlıların Qarabağda yerləşdirilməsi ilə başlayan erməniyönümlü fəaliyyətin davamı kimi qiymətləndirilməlidir.
Sülhməramlıların müvəqqəti yerləşdirildikləri ərazilərin hərbi xəriələri Rusiya Baş Qərargahından, Cənub Hərbi Dairəsinə, oradan da sülhməramlı missiyanın qərargahına ötürülür. Bu xəritələr sovet dönəminə aid olduğu üçün, həmin ərazilərin adları erməni və rus toponimləri ilə qeyd olunub. Görünən odur ki, sülhməramlılar təmas bölgəsində baş verən hadisələri bu xəritələr üzərində göstərməyi özləri üçün məqbul hesab edirlər”.
Ekspert qeyd edir ki, məsələnin həlli istiqamətində Azərbaycan və Rusiya tərəfi birgə xəritələr hazırlaya bilərlər: “Rusiya sülhməramlılarına Azərbaycan toponimləri ilə yazılmış xəritələr verilə bilər. Həmçinin ortaq əməkdaşlıq vasitəsilə də bu cür xəritələr hazırlamaq olar. Bu xəritələrdə rayonlarımız, şəhərlərimiz, yaşayış məntəqələrimiz Azərbaycan toponimləri ilə qeyd olunmalıdır. Və Rusiya tərəfi də bu məsələdə müəyyən addımlar atmalıdır. Ancaq təəssüf ki, onlar bunu istəmirlər.
Rusiya sülh sazişi və sərhədlər müəyyən olunmadığı üçün belə bir addım atmır. Lakin biz bilirik ki, Rusiya Prezidenti Vladimir Putin “Qarabağ Azərbaycan ərazisidir” deyərək, bu ərazilərin Azərbaycana məxsusluğunu həm erməni tərəfi həm də öz xalqı üçün bəyan edib. Ona görə də bu məsələdə qarşı tərəfə irad bildirməkdə haqlıyıq. Hesab edirəm ki, qarşılıqlı koordinasiyalar nəticəsində bu problemlər öz həllini tapa bilər”.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə Azərbaycan toponimlərini dəyişdirməsinə görə bu ölkənin parlamentinə müraciət ünvanlamağa hazırlaşır.“AzPolitika.info”