Bu gün Azərbaycan Ordusunun 1992-ci ilin yanvarın 25-i başlayıb bir gün sonra uğursuzluğa düçar olan Daşaltı əməliyyatından 31 il ötür. Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat o gün uğursuz olsa da, illərlə təkmilləşən Azərbaycan ordusunun gücü nəticəsində bugün artıq 3 ildir ki, Daşaltıda üçrəngli şanlı bayrağımız dalğalanır.
26 yanvar 1992-ci il Azərbaycan ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa müdafiə taborunun döyüşçüləri Daşaltı kəndini azad etmək üçün hərəkətə başladı. Əsgərlərin arasındakı rabitəsizlik və taktiki səhvlər ordunun pusquya düşməsinə və əməliyyatın uğursuzluqla nəticələnməsinə səbəb olur.
94 nəfərin şəhid olduğu, xeyli sayda əsgərin yaralandığı və hətta itkin düşdüyü çətin əməliyyatda könüllü döyüşçülərin qəhrəmancasına mübarizəsində düşmən də xeyli sayda itki verir.
Daşaltı əməliyyatının iştirakçısı Fərman Vəliyev Trend-ə hücuma keçdikləri gecədən danışıb.
“Kəndə daxil olanda dumana düşdük. Digər bölüklərlə rabitə kəsilmişdi. Yolu tanımırdıq, deyə azmışdıq. Bütün bunlar çox şəhid verməyimizə səbəb oldu. Yüksəklikdə olduğumuz halda komandanlığın səriştəsizliyi nəticəsində məğlub olduq. Daşaltını da, Şuşanı da itirdik. Lakin 44 günlük Vətən müharibəsində vahid komandanlığın və güclü ordunun sayəsində qələbə qazandıq. Şəhidlərimizin qisası yerdə qalmadı”, – deyə o qeyd edib.
44 günlük Vətən Müharibəsində də Daşaltı kəndi Şuşaya açılan qapı hesab olunurdu. İllərlə aparılan ordu quruculuğu nəticəsində Azərbaycan Ordusunun peşəkar şəxsi heyəti Daşaltıdan başlayaraq Şuşaya qədər tarix dərslərinə tədris olunacaq uğurlu bir əməliyyatla doğma torpaqlarımızı işğaldan azad etdi.
Hərbi ekspert Azər Bayramov Trend-ə açıqlamasında bildirib ki, o vaxt Azərbaycan Ordusunda pərakəndəlik və hərbi qulluqçuların arasında peşəkarlığın aşağı, koordinasiyanın zəif olması Daşaltı əməliyyatının uğursuzluqla nəticələnməsinə gətirib çıxarmışdı.
“2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olundu.
Qırx dörd gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovdu. Vətən müharibəsi zamanı Daşaltının azad edilməsi Laçından Şuşaya gedən yolun nəzarət altına alınmasına səbəb oldu, düşmənin ehtiyat qüvvə və təchizat gətirə bilməsinin qarşısını aldı. İkinci Qarabağ müharibəsinin iştirakçıları Daşaltı əməliyyatının uğursuzluğunu uğura çevirdilər”. Bizim qəhramanlarımız təkcə torpağı işğaldan qurtarmayıb, bu zəfərlə xalqımızın illərlə aldığı mənəvi zərbələrin yerini də doldurub, tarixi ədaləti bərpa edib, Daşaltının daş altında yatan qisasını alıb”, – deyə ekspert qeyd edib.