44 günlük Vətən müharibəsində dastan yazan oğullarımızdan biri də, ermənilərin qorxulu röyası olan kiçik gizir Siyahim Dəmirov idi. Yaxın dostlarından biri Siyahimin ermənilərin qorxulu röyası olmasını belə xarakterizə edir. :“Gecə düşmən içərisinə daxil olan qrup həmişə işini bilirdi. Zabitlərin məhv edilməsi “Qartal” ləqəbli Siyahimin işi idi. O, peşəkarlığı ilə dastan yazmağı bacaran bir xüsusi təyinatlı idi.”
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri olan, Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, “Qarabağ ordeni”nə layiq görülən şəhidimiz Siyahim Əlizamin oğlu Dəmirov 13 sentyabr 1990-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində doğulub.
Dəmir sözü şəhid hərbçinin tək soyadına yox, eyni zamanda onun biləyinin qüvvətinə, döyüşlərdəki şücaətinə də yansıyıb.
Siyahim Dəmirov 3 il yarım topçu və top komandiri kimi Azərbaycan Ordusunda xidmət edib. O, Aprel döyüşlərində Lələtəpəyə ilk bayraq sancanlardandır. Döyüşlər zamanı düşmənin canlı qüvvəsini, texnikasını, silah-sursat anbarlarını məhv edib. Onun bu bacarığını görən hərbi hissə komandiri şəhid hərbçini Xüsusi Təyinatlı Qüvvələrin hazırlandığı 6 aylıq kursa göndərib. O kəşfiyyat bölüyündə təlim aldıqdan sonra xidmətini Cəlilabadda kiçik gizir rütbəsində davam etdirib. Siyahimin peşəkarlığı sərhəd tanımayıb.
Şəhid hərbçi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik münasibətilə “Yubiley” medalı ilə təltif olunub. Siyahim Tovuz döyüşlərinin qəhrəman kəşfiyyatçısı olub. Şücaətinə görə, komandanlıq tərəfindən fəxri fərman və təşəkkürnamələr alıb.
Siyahim Tovuz döyüşlərinin aktiv iştirakçısı olub, öz döyüş qabiliyyəti, igidliyi və şücaəti ilə başqalarından fərqlənib. İkinci Qarabağ müharibəsinin ilk günlərində, azad edilmiş vətən torpağında, Vətən savaşının başlanması münasibəti ilə Siyahim öz taboru qarşısında qurban kəsib. Həm döyüş yoldaşları, həm də dost-tanışları deyir ki, Siyahim çox güvənli və etibarlı bir igid idi. Qeyd etdiyimiz qurban kəsmə mərasimində o, silahdaşları qarşısında Azərbaycan bayrağını öpərək deyib: “Bu gün siz döyüşçülər mənim üçün dünyanın ən əziz insanlarısınız, sizin qarşınızda bildirirəm ki, mən canımı da Vətən yolunda qurban deyirəm, canımı belə əsirgəmədən, torpağımda son erməni əsgəri qalana qədər döyüşəcəm, mənə heç kim “dur” əmri verməsin!”.
Xüsusi Təyinatlı Qüvvələrin apardığı döyüş əməliyyatları bəzən səssiz küləyi xatırladır. Düşmən içərisinə sızan xüsusi təyinatlılar bir anda onları məhv edir. Əbəs yerə ermənilər onların adından qorxmurdular. Hadrut istiqamətində düşmən içərisinə sızan xüsusi təyinatlılarımız ermənilərin bölüklərini cəmi 10 nəfərlə məhv etməyi bacarmışdılar. Siyahim bu döyüşlərdə xüsusi rəşadət göstərmişdi.
Siyahim Daşaltı əməliyyatı zamanı düşmənin mayor rütbəli hərbçisini məhv etməyi bacarır. Cəsur kəşfiyyatçı çox zaman düşməni məsafədən atdığı bıçaq və yaxud balta ilə məhv edirdi . Ümumilikdə isə 200-ə yaxın erməni hərbçisini məhv edib. Sonda isə namərd gülləsinə tuş gələrək şəhid olub.
Ölümündən sonra Siyahim Dəmirov “Qarabağ”ordeni, həmçinin,“Vətən uğrunda” medalı ilə təltif edilib.
Ruhu şad olsun!
Qoşqar Salmanlı