Azərbaycan türk dünyasının parçası kimi türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsində hər zaman fəal iştirak edib. Azərbaycanın bu platformada həmişə nüfuz sahibi olub. Qarabağın azad edilməsinə görə ötən il Prezident İlham Əliyev İstanbulda ordenlə təltif edildi. Bu, türk dünyasının Azərbaycan Prezidentinin fəaliyyətinə verdiyi qiymət idi. Bu gün Türk dünyası əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur.
Ulusal.az xəbər verir ki, bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva qeyd edib ki, tərəfdaşlıqdan inteqrasiyaya yeni yol başlayıb. Təşkilata üzv ölkələr bütün sahələr, o cümlədən müdafiə, təhlükəsizlik və hərbi sənayesini yeni əməkdaşlıq sahəsi kimi inkişaf etdirməyi qarşıya hədəf qoyub. “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır.” Bu fikirləri Prezident İlham Əliyev 13 il əvvəl Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən zirvə görüşündə səsləndirmişdi. Dövlət başçımız hələ o zaman bəyan etmişdi ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənməlidir. Çünki bu, bizim tarixi köklərimiz olmaqla yanaşı, həm də bugünkü vəziyyətin reallıqlarıdır. Azərbaycan Prezidentinin bu yanaşmasının nə qədər dəqiq və uzaqgörən olduğu bu gün bir daha təsdiqini tapdı. Şuranın təşkilata çevrilməsi, coğrafiyasının daha da genişlənməsi bunun əyani sübutudur. Bu gün biz türkdilli ölkələrin dünya miqyasında böyük gücə çevrilməsinin şahidiyik. İki gün əvvəl Prezident İlham Əliyev Səmərqənd zirvəsində bir daha bəyan etdi ki, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən Türk dünyası bir ailədir. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgənin inkişafında yeni başlayıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə başda Türkiyə olmaqla, Özbəkistan və Qazaxıstan da töhfə verir. Prezident İlham Əliyev Səmərqənd zirvəsində digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Yekun bəyanatda da TDT-ya üzv ölkələr Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiq edirlər.
Deputat qeyd edib ki, bu prosesə töhfə türk dövlətlərinin bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına, dayanqılı sülh və təhlükəsizliyə töhfəsi deməkdir. Azərbaycan həm də sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın problemlərinin Türk Dövlətləri Təşkilatının gündəliyinə gətirilməsini istəyir. Bu məsələni dövlət başçımız Səmərqənddə keçirilən 9-cu Zirvə görüşündə bir daha bildirdi və qeyd etdi ki, kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Bu mənada TDT-yə üzv ölkələrin dəstəyi effektiv ola bilər. Səmərqənd zirvəsində də dövlətlər Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını bir daha vurğuladılar.