“Azərbaycan uzun illərdir ki, zəngin neft və qaz ehtiyatları sayəsində qlobal enerji bazarlarında mühüm rol oynayır. Qədim neft sənayesi tarixinə malik olan ölkə, müstəqilliyini bərpa etdikdən sonra enerji resurslarının beynəlxalq bazarlara çıxarılması istiqamətində böyük layihələr həyata keçirmiş və özünü etibarlı enerji təchizatçısı kimi təsdiqləmişdir. Bu gün Azərbaycan təkcə ənənəvi enerji mənbələri ilə deyil, həm də “yaşıl enerji”yə keçid siyasəti ilə qlobal enerji mənzərəsində mövqeyini daha da gücləndirir.” – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın enerji potensialının əsasını zəngin neft və qaz yataqları təşkil edir.
““Əsrin müqaviləsi”nin imzalanması ilə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənilməsi və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istismara verilməsi ölkənin neft ixracında mühüm rol oynamışdır. Azərbaycanın sübut edilmiş neft ehtiyatları 7 milyard barel civarında qiymətləndirilir.
Təbii qaz ehtiyatları da ölkə üçün böyük əhəmiyyət kəsb edir. “Şahdəniz”, “Ümid” və “Abşeron” kimi nəhəng qaz yataqlarının kəşfi Azərbaycanı qaz ixracatçısına çevirmişdir. Təsdiq edilmiş qaz ehtiyatları 2.6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Cənub Qaz Dəhlizi (CQD) layihəsinin əsas tərkib hissəsi olan TANAP və TAP qaz kəmərləri vasitəsilə Azərbaycan qazı Avropaya nəql olunur, beləliklə, qitənin enerji təhlükəsizliyinin şaxələndirilməsinə mühüm töhfə verir. Bu, Avropanın enerji xəritəsini yenidən tərtib edən strateji bir layihədir.”– deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, son illərdə Azərbaycan qlobal enerji sektorunda öz rolunu diversifikasiya etmək və “yaşıl enerji”yə keçidi sürətləndirmək istiqamətində ciddi addımlar atır.
“Ölkənin bərpa olunan enerji mənbələri üzrə yüksək potensialı var. Quruda texniki potensial 135 QVt, dənizdə isə 157 QVt olaraq qiymətləndirilir. Xüsusilə günəş və külək enerjisi sahəsində böyük imkanlar mövcuddur. Azərbaycanın iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı 23 QVt, külək enerjisi potensialı isə 3 QVt-dan çoxdur. Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı hədəfləyir. Bu məqsədlə beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində böyük miqyaslı yaşıl enerji layihələri həyata keçirilir. Misal üçün, “Masdar”, “ACWA Power” və “Fortescue” kimi şirkətlərlə ümumi gücü 24.5 QVt-dan çox olan yaşıl enerji layihələri üzrə anlaşmalar imzalanıb. Bu layihələr təkcə daxili tələbatı ödəməyəcək, həm də qaz ixracını artırmağa imkan verəcəkdir.Azərbaycanın qlobal enerji qaynağı rolu təkcə mövcud neft və qaz ehtiyatları ilə deyil, həm də gələcəyə yönəlik “yaşıl enerji” strategiyası ilə müəyyən olunur. Bu strateji yanaşma Azərbaycanı beynəlxalq enerji arenasında etibarlı və innovativ tərəfdaş kimi möhkəmləndirir.”– deyə Arzuman Muradlı əlavə edib.