İsrailin Misir və İordaniyaya 2040-cı ilə qədər təbii qaz tədarükünə dair 35 milyard dollarlıq müqaviləsi təkcə ixrac sazişi deyil. Bu, Şərqi Aralıq dənizində güc balansını dəyişə biləcək yeni iqtisadi və siyasi alətdir.
Strateji layihə və marşrut seçimi
Müqaviləyə görə, ümumilikdə 130 milyard kubmetr qaz 2026-cı ildən etibarən Sinay yarımadasından keçən quru boru kəməri vasitəsilə Misirə ötürüləcək. Bu, bahalı mayeləşdirilmiş qaz (LNG) və dəniz nəqliyyatı ilə müqayisədə xərcləri minimuma endirir. Ən əsası isə, Misir və İordaniya iqtisadiyyatlarını İsrail enerji infrastrukturuna uzunmüddətli şəkildə bağlayır.
Beləliklə, İsrail regionda elə bir enerji arxitekturası qurur ki, qonşu ölkələrin iqtisadi sabitliyi onun iştirakı olmadan mümkün olmur. Bu, hərbi qələbə və ya diplomatik razılaşma deyil, iqtisadi suverenliyin səssiz şəkildə yenidən bölüşdürülməsidir.
Misirin enerji dilemması
Misirin daxili enerji hasilatı son beş ildə 42 faiz azalıb. Bu müddətdə İsraildən alınan qaz isə 23,5 milyard kubmetrə çatıb. Hazırda İsrail Misirin qaz tələbatının 20 faizini təmin edir.
110 milyonluq əhalisi olan Misirdə artan daxili tələbat, subsidiyalı elektrik tarifləri və hasilatın azalması enerji böhranını dərinləşdirib. Paytaxt və iri şəhərlərdə gündə 6 saata qədər elektrik kəsintiləri siyasi narazılığın artmasına səbəb olur. İsrail qazı bu böhranı yüngülləşdirməyin ən ucuz və praktik yolu kimi görünür. Müxalifət qiymət artımlarını və Qəzzadakı müharibənin fonunda sazişi kəskin tənqid etsə də, real alternativ təqdim edə bilmir.
İordaniyanın tam asılılığı
İordaniya artıq uzun müddətdir ki, su təchizatında İsraildən tam asılı vəziyyətdədir. İndi isə enerji sahəsində də eyni proses baş verir. Haşimilər monarxiyası üçün sabit və ucuz enerji yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin qorunması baxımından həyati əhəmiyyət daşıyır. Amma bu sabitlik artıq Qüdsün siyasi iradəsindən asılı vəziyyətə düşür.
İsrailin iqtisadi rıçaqları
Leviafan yatağının genişləndirilməsi üçün nəzərdə tutulan sərmayə 2,4 milyard dollar təşkil edir. İsrail indiyədək yataqdan 1,14 milyard dollar dövlət gəliri əldə edib. Qısamüddətli mənfəət hələlik məhduddur, lakin əsas məqsəd iqtisadi alətləri strateji təsir mexanizminə çevirməkdir.
Qaz tədarükü hərbi yardım və ya silah satışından fərqli olaraq beynəlxalq təzyiq və sanksiya risklərini azaldır. Bu, daha yavaş, lakin daha güclü qarşılıqlı asılılıq sistemi yaradır. Hər hansı siyasi gərginlik halında enerji amili dərhal siyasi təsir vasitəsinə çevrilə bilər.
Bölgədə dəyişən güc balansı
ABŞ-ın himayəsi, Avropanın təsirinin zəifləməsi və ərəb ölkələrinin enerji ilə özünü təmin etmək imkanlarının azalması fonunda İsrail bölgədə yeni status qazanır. O, yalnız hərbi güc deyil, həm də enerji gücü kimi çıxış edir.
Beləliklə, Misir və İordaniya üçün İsrail qazı sadəcə iqtisadi seçim deyil, məcburi asılılıqdır. Bölgədə siyasi küləklər dəyişdiyi anda Qahirə və Əmman anlayacaq ki, enerji sistemlərinin strateji kranları onların ən böyük rəqibinin əlindədir.
İsrailin bu strategiyası region ölkələrinin iqtisadi müstəqilliyini zəiflədir, onların enerji sabitliyini isə Tel-Əvivin siyasi qərarlarından asılı vəziyyətə gətirir. Uzunmüddətli perspektivdə bu, Şərqi Aralıq dənizində güc balansını İsrailin xeyrinə dəyişən əsas faktora çevrilir.haqqin.az