image-rt-reklam
image-1backend

Antalyada ortaq koordinatlar axtarışı

image-728x90

Dünya güc mərkəzlərinin bu günkü sərt geostrateji mübarizəsi fonunda diplomatiya böhranı müşahidə edilməkdədir. Müasir beynəlxalq münasibətlər sistemində qlobal geosiyasi böhranlar aradan qalxmadan ədalətli yeni dünya düzəni formalaşdırmaq mümkün deyil. Ona görə də konstruktiv xarakterli yeni təşəbbüslərə ehtiyac var.

Bu mənada, 2026-ci il 17-19 aprel tarixlərində Türkiyə Cümhuriyyətində keçirilən Antalya Diplomatik Forumu böyük əhəmiyyətə malikdir. Artıq ənənə halını alan və bu il beşincisi dəfə düzənlənən forum beynəlxalq müstəvidə ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq və diplomatiya platformasında müzakirələrə cəlb edilməsi baxımından olduqca əhəmiyyətli və faydalıdır. Regional miqyaslı, qlobal məzmunlu bu mötəbər tədbirdə dövlət və hökumət başçılarının, nazirlərin, regional və beynəlxalq təşkilatların təmsilçilərinin, nüfuzlu siyasətçilərin, ekspertlərin, elm və iş adamlarının, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı bəşəriyyət üçün aktual problemlərin fikir və təcrübə mübadiləsi əsasında, dialoq müstəvisində çözülməsi üçün olduqca əhəmiyyətlidir. Bu Forum mövqeyi üst-üstə düşməyən, aralarında gərginlik yaşayan ölkələr üçün də dialoq imkanları yaradan önəmli platformadır. Antalya Diplomatik Forumu öz missiyasına görə Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı, Doha Forumu kimi əhəmiyyətli platformalarla eyni sırada dayanan, hətta bir çox cəhətlərinə görə onlardan üstün olan vacib diplomatiya arenasıdır.

5-ci Antalya Diplomatik Forumu “Gələcəyi xəritələndirmək, qeyri-müəyyənlikləri idarə etmək” mövzusunda keçirildi. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan forumun açılış mərasimində çıxışı zamanı müasir beynəlxalq münasibətlər sisteminin aktual məsələlərinə toxunaraq, bəşəriyyəti narahat edən problemlərin həllində diplomatiyanın xüsusi rolunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, XXI əsr böhranlar əsrinə çevrilməkdədir. Bu böhranları aradan qaldırmaq üçün ən səmərəli vasitə məhz diplomatiyadır.

Dünyanın 150-dən çox ölkəsindən, 20-dən artıq dövlət və hökümət başçılarının, 4000-dən çox nümayəndənin qatıldığı foruma beynəlxalq müstəvidə olduqca yüksək diqqət və maraq var idi. Forum çərçivəsində keçirilən 50-dən artıq panel iclasda regional və beynəlxalq təhlükəsizlik problemləri, o cümlədən dünyanın müxtəlif bölgələrində münaqişələr və müharibələr, terrorizm, miqrasiya, iqlim dəyişiklikləri, epidemiyalar, qida ve enerji təhlükəsizliyi, humanitar yardım, rəqəmsallaşma, süni intellektin tətbiqinin riskli nəticələri kimi qlobal gündəmin önəmli mövzuları ətrafında geniş fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Türkiyə ilə Azərbaycan arasında sarsılmaz qardaşlıq əlaqələrinin və strateji tərəfdaşlığın təzahürüdür. Bu, iki ölkə arasında münasibətlərin dərinliyini nümayiş etdirməklə yanaşı, ortaq diplomatik yanaşmanın beynəlxalq platformalarda güclü şəkildə təmsil olunduğunu göstərir. Müttəfiqliyimizin təməlində dayanan “bir millət, iki dövlət” anlayışı təkcə ikitərəfli əlaqələri deyil, həm də Türk Dövlətləri Təşkilatında Mərkəzi Asiyadan Qafqaza, Anadoludan Balkan dövlətlərinə qədər uzanan geniş geosiyasi məkanda ortaq dəyərlər, strateji hədəflər və inkişafa dair baxışları ilə bir araya gələn türk dünyası ölkələrinin həmrəyliyini gücləndirir.

Bu baxımdan türk dünyasının diplomatik və strateji addımları, təkcə regional rifahı deyil, həm də qlobal səviyyədə təhlükəsizliyə və inkişafa dair axtarışları istiqamətləndirir. Antalya Diplomatik Forumunda nüvə təhlükəsizliyi kimi bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən məsələlər müzakirə edilərkən, Türkiyə və Azərbaycan kimi ölkələrin nümayiş etdirdiyi sülhsevər və uzaqgörən yanaşma diplomatiyaya istiqamət verəcək yeni paradiqmanı təqdim edir. Bu paradiqma çoxtərəfli əməkdaşlığa və sülhyönümlü inkişafa əsaslanır. Nəticədə türk dünyasının həmrəylik strategiyası dəyişən dünyada sabitliyi təmin edən, körpülər quran və diplomatiyaya qucaq açan bir model kimi önə çıxır. Bu modelin təmsilçiləri kimi çıxış edən Türkiyə və Azərbaycan təkcə öz xalqları üçün deyil, həm də regional və qlobal sülh üçün zəmin yaradır. Azərbaycan və Türkiyə liderlərinin birgə təşəbbüslərinin həyata keçirildiyi bu əməkdaşlıq platformaları bütün tərəflər üçün siyasi və iqtisadi mənfəət vəd edir. Bütün bunlar öz növbəsində Avrasiyada hərbi-siyasi qarşıdurmanın öz yerini konstruktiv münasibətlərə verməsi, böhranlar dövründə diplomatiyanın önə çıxarılması baxımından son dərəcə önəmlidir.

Cənubi Qafqazda sülh Mərkəzi Asiya ölkələri ilə Avropanın əlaqələndirilməsi, Mərkəzi Asiya ilə Yaxın Şərqin əlaqələndirilməsi, Yaxın Şərqdə sülh məsələləri, Suriyada sülh quruculuğu və s. bu kimi məsələlər, həm Azərbaycanın, həm də Türkiyənin maraqları çərçivəsində prioritet məsələlər sayılır. Bütün bu məsələlərlə bağlı Azərbaycanın və Türkiyənin mövqeyi üst-üstə düşür. Belə şəraitdə “Antalya Forumu” eyni zamanda Azərbaycan və Türkiyə müttəfiqliyinin strateji bir proses olduğunun nümayişi baxımdan da olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müstəqil, uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan beynəlxalq diplomatiyada yüksək qlobal nüfuza malikdir. Etibarlı tərəfdaş kimi böyük inam və etimad qazanan ölkəmiz bu gün bir-biri ilə əks mövqelərdə – zidd geosiyasi qütblərdə dayanan tərəflərlə qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir. Bu gün qlobal səviyyədə dialoq və əməkdaşlıq məkanı hesab olunan Bakının Cənubi Qafqazın diplomatiya paytaxtı kimi xarakterizə edilməsi Prezident tərəfindən aparılan dərin strateji diplomatiyanın nəticəsidir.

Uzun müddət Ermənistanın işğalçı və terrorçu siyasətindən əziyyət çəkən Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət edilməsini vacib prinsip kimi əsas götürüb və bu gün də belədir. Bütün bunlar diplomatiyanın önə çıxarılmasında açar rolunu oynayan geosiyasi koordinatlardan birinin məhz Azərbaycan olduğunu təsdiqləyir.

Nəticə etibarilə, dost, qardaş və strateji müttəfiq olan Azərbaycan və Türkiyə bəşəriyyət üçün taleyüklü məsələlərdə öz tarixi-siyasi məsuliyyətini dərk edərək birlikdə vacib təşəbbüslərlə çıxış edir, ortaq geosiyasi iradə nümayiş etdirirlər.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90