Azərbaycan dünyanın nüfuzlu idman ölkəsi kimi tanınır. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu.

Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. İdman sahəsində qazanılan nailiyyətlər, həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur.
Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Bu günlərdə yunan-Roma güləşi və sərbəst güləş üzrə Avropa çempionatında Azərbaycan yığmasının komanda hesabında birinci yer tutması da bu faktın təsdiqidir.
Prezident İlham Əliyevin medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etməsi isə dövlətin idmana qayğısının daha bir göstəricisi oldu. Dövlət başçısının Avropa çempionatında komanda hesabında birinciliyi yüksək qiymətləndirməsi Azərbaycan güləşçilərinə verilən dəyər idi.
Bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizənin xüsusi bir idman gərginliyində keçməsi, bu idman növü üzrə böyük nəticələr göstərmiş güləşçilərin olması milli komandamızın uğurunun çətinliyi və möhtəşəmliyi haqda təəsürat yaradır. Bu bir daha onu göstərir ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın inkişafına da müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox olimpiya kompleksləri, müasir idman obyektləri istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bunlar idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynayır.
Azərbaycan idmançıları qazandıqları nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda gərgin mübarizə aparırlar. Müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın qələbələri və yeni gənc idmançılar nəslinin aşkar olunan potensial imkanları ölkəmizin qarşıdakı nüfuzlu yarışlarda da yüksək nəticələr göstərərək, əvvəlki mövqelərini daha da yaxşılaşdıracağına inam yaradır.
Bu gün Azərbaycan idmanı tarixinin çox şərəfli və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin bu sahəyə göstərilən xüsusi diqqət və qayğısının bəhrəsidir.






















