
“Sabahın xəritəsinin qurulması, qeyri-müəyyənliklərin idarə edilməsi” devizi ilə keçirilən 5-ci Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyevin iştirak etməsi ciddi əhəmiyyət daşıyır. Mövcud münaqişələri həll etmək, sülhə nail olmaq, münaqişəni bitirdikdən sonra ərazidə sürətli abadlıq və quruculuq proseslərini həyata keçirmək bacarıqlarına malik olan Azərbaycan Prezidenti özünün təcrübəsi ilə Forumun işinə töhfələr verir.
Mövcud geosiyasi gərginliklər, dəyişən güc balansı, qlobal ticarət problemləri fonunda həll yolları tapmaq üçün Azərbaycanın təcrübəsi zəruri nümunədir. Bu baxımdan Prezident İlham Əliyevin Forumda iştirakı həm Azərbaycan–Türkiyə münasibətlərinin yüksək səviyyəsini, həm də Azərbaycanın beynəlxalq arenada artan rolunu əks etdirir.
Antalya Diplomatiya Forumunun önəmi həm də ondadır ki, burada qlobal və regional aktorlar açıq dialoq şəraitində qarşılıqlı maraqları müzakirə etmək imkanı əldə edirlər. Belə bir platformada Azərbaycanın aktiv iştirakı isə ölkənin diplomatik manevr imkanlarının genişliyini və beynəlxalq proseslərə təsir gücünü nümayiş etdirir. Bu, eyni zamanda Azərbaycanın təkcə regionda deyil, daha geniş coğrafiyada söz sahibi olan aktora çevrildiyini təsdiqləyir.
Digər bir tərəfdən forumda dövlət başçımız çoxsayılı ikitərfli görüşlər keçirdi və görüşlərdə Azərbaycanla digər dövlətlərin rəhbərləri ilə ikitərəfli münasibətlərinin inkişafına dair mövzularda müzkirələr aparıldı. Təbii ki, Antalya Diplomatik Forumu ilk növbədə sözümüzü deməyə və siyasi mövqelərimizi möhkəmlətmək baxımından vacib platformalardan biridir.
Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artması və qlobal diplomatik proseslərdə rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə olunur.
Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi prioritet istiqamətlər xüsusi diqqət mərkəzində saxlanılır. Aparılan yüksəksəviyyəli danışıqlar Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaradır.
Bu gün təəssüf ki, dünya nizamı parçalanmaqda davam edir. Təbii ki, bu parçalanmının və bir qütblü dünyanın formalşmasının qarşısnı ancaq dialoq və diplomatiya yolu ilə almaq mümkündür. Çünki davam edən müharibələrin gətirdikləri çətinliklər bütün dünyanı narahat etməyə başlamışdır.
Burada təkcə döyüş meydanındakı müharibələr deyil , həm də ticari iqtisadi müharibələr də əsas dünya ictimaiyyətini narahat edən mənbəyə çevrilməkdədir. Bu baxımdan Antalya Diplomatik Forümu yeni qlobal nizamının daha ədalətli formalaşmasına böyük töhfəsi olacaq.






















