“Belə bir birlik ədəbiyyat adamlarının bir-birini daha yaxından tanımasına, mənəvi bağların möhkəmlənməsinə, ortaq dəyərlərin qorunmasına və yeni mədəni əməkdaşlıq mühitinin yaranmasına ciddi töhfə verə bilər”.
Görüş zamanı Sabir Rüstəmxanlıya onun ədəbiyyata gəlməsi, meydan hərəkatında iştirakı, siyasi fəaliyyətə başlaması, nazir və millət vəkili kimi çalışdığı dövrlərlə bağlı da suallar verilib.
Xalq şairi bildirib ki, türk birliyi və parçalanmış coğrafiyalar barədə düşüncələrinin kökü uşaqlıq illərinə gedib çıxır. Azərbaycanın cənub sərhədlərində yaşanan ayrılıq mənzərəsi, bir xalqın süni sərhədlərlə parçalanması onda dərin iz buraxıb.
Onun sözlərinə görə, daxilindəki türk birliyi duyğusu da məhz bu ağrıdan, bu tarixi parçalanma hissindən doğub. Sonradan həm publisistikasında, həm poeziyasında, həm də romanlarında bu mövzuya geniş yer verməsinin səbəbi də budur.
Sabir Rüstəmxanlı çıxışında Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi müxtəlif ölkələrə səfərlərindən də danışıb. O bildirib ki, dünyanın bir çox ölkəsində Azərbaycan həqiqətlərinin müdafiəsi ilə yanaşı, həmin ölkələrdə yaşayan türk topluluqları ilə görüşlər keçirib, onların problemləri və gələcəyi ilə maraqlanıb.
Bu fəaliyyətin həm yaradıcılığına, həm də siyasi baxışlarına ciddi təsir göstərdiyini vurğulayan yazıçı türk dünyasının gələcəyinin qarşılıqlı mənəvi yaxınlıqdan keçdiyini qeyd edib.
Sabir Rüstəmxanlı bildirib ki, türk birliyi ideyasına vaxtilə romantika kimi baxırdılar, bu gün isə reallığa çevrilib. Onun sözlərinə görə, bu birlik həm yeni ideyaların doğulması, həm böyük mədəniyyətin və tarixi yaddaşın yenidən qaytarılması, həm də güclü bir iradənin formalaşması üçün böyük imkandır.
Yazıçı hesab edir ki, türk dövlətlərinin yaxınlaşması dünyaya da ciddi töhfələr verə bilər:
“Mən bunu şeirlərimdə, yazılarımda da qeyd etmişəm ki, türk birliyi dünyada sülhün, ədalətin və daha balanslı düzənin yaranmasında mühüm rol oynaya bilər”.
Sabir Rüstəmxanlı qeyd edib ki, bu birlik eyni zamanda özünü qorumaq deməkdir. Dünyanın yenidən qütbləşdiyi, böyük güclərin sərt rəqabət apardığı, dövlətlərin yeni xəritələrinin yaradıldığı bir dövrdə türk xalqlarının birliyi təhlükəsizlik məsələsinə çevrilib.
Onun sözlərinə görə, türk coğrafiyası həm strateji mövqeyinə, həm zəngin təbii sərvətlərinə, həm də böyük mədəni irsinə görə hər zaman diqqət mərkəzində olub. Böyük güclər bu regionda söz sahibi olmağa, təsir imkanlarını artırmağa çalışırlar.
Məhz buna görə Sabir Rüstəmxanlı hesab edir ki, indiki mərhələdə türk dövlətlərinin əməkdaşlığı, ortaq kimliyin gücləndirilməsi və qarşılıqlı dayağın artırılması artıq seçim yox, zərurətdir.
Görüş zamanı Sabir Rüstəmxanlı bəzi anlayış və adlandırmaların siyasi məna daşıdığını da bildirib. O, xüsusilə Şimali Kipr Türk Respublikası məsələsinə toxunaraq maraqlı fikir səsləndirib.
Yazıçı sual edib: “Cənubi Kipr varmı ki, biz də Şimali Kipr deyək?”
Onun fikrincə, ortada ayrıca “Cənubi Kipr” anlayışı yoxdursa, “Şimali Kipr” ifadəsi də mübahisəlidir. Sabir Rüstəmxanlı qeyd edib ki, bu dövlətə daha doğru şəkildə Kipr Türk Cümhuriyyəti deyilməlidir.
O vurğulayıb ki, terminlər təkcə söz deyil, həm də siyasi mövqedir. Türk dünyası öz anlayışlarını və terminologiyasını daha inamla ortaya qoymalıdır.
Görüşün sonunda iştirakçıların xahişi ilə Sabir Rüstəmxanlı bir neçə şeirini səsləndirib. Xalq şairinin öz səsi ilə oxuduğu şeirlər zalda xüsusi ovqat yaradıb, tədbirə yaddaqalan yekun vurub.
İştirakçılar bu söhbətdən dərin təsirləndiklərini bildirərək belə görüşlərin daha tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar. Onlar yubilyara həm ədəbiyyata verdiyi töhfələrə, həm tarix, milli kimlik və türk birliyi ilə bağlı illərdir səsləndirdiyi çağırışlara, həm də gördüyü xidmətlərə görə təşəkkür ediblər.
Bildiriblər ki, bu görüş bir daha göstərdi ki, Sabir Rüstəmxanlı onilliklərdir sözlə, fikir və mövqeyi ilə türk dünyasının simvollardan birinə çevrilib.