image-rt-reklam
image-1backend

Deputat: Şuşa Bəyannaməsi gələcək nəsillərə ünvanlanmış tarixi sənəddir

image-728x90

Beş il öncə 2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış “Şuşa Bəyannaməsi” Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Bəyannamə tarixi irsə, liderlərin vəsiyyətinə əsaslanır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları sənədin ideoloji əsasını təşkil edir. Məhz bu amil sənədi sadəcə diplomatik protokoldan daha artıq – ideoloji və mənəvi bağlara söykənən müttəfiqlik bəyannaməsi səviyyəsinə qaldırır.

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin strateji müttəfiqliyinin hüquqi təminatıdır. Bu sənəd yalnız bugünkü əməkdaşlığın deyil, gələcək nəsillərə ötürüləcək birgə siyasi iradənin və ortaq gələcəyin yol xəritəsidir. Tarixən böyük güclərin maraq dairəsində olmuş Cənubi Qafqazda bu gün Azərbaycan və Türkiyənin birgə siyasi iradəsi və əməkdaşlığı regional güc balansını dəyişməkdədir. Müasir dövrdə bu sənəd Türk Dövlətləri Təşkilatı kimi platformalarda da yeni strateji istiqamətlərin formalaşmasına təkan verir.

Şuşa Bəyannaməsi ikitərəfli əlaqələrin inkişafına, regional və qlobal kontekstdə münasibətlərə müsbət təsirini göstərməkdədir. Önəmli aspektlərindən biri budur ki, bəyannamə ilk olaraq beynəlxalq hüququn prinsip və normalarına əsaslanaraq BMT əsasnaməsini əsas meyar kimi götürüb.

Bəyannamə təsirini hər iki ölkələr arasındakı münasibətlərə sərgiləməkdədir. Önəmli məqam odur ki, bu bəyannamə hər hansı bir üçüncü ölkəyə yönəlməyib. Bəyannamənin maddələrini iki hissəyə bölmək olar. Birinci hissə ikitərəfli münasibətləri özündə ehtiva edən məqamlardır. Digər hissə isə regional və qlobal əməkdaşlığa dair maddələrdir.

İkitərəfli münasibətlərə dair olan maddələrdə iki ölkə arasında silahlı qüvvələrin təkminləşdirilməsi, hərbi hissələrin inkişafı, Təhlükəsizlik Şurasının iclaslarının birgə keçirilməsi və s. məsələləri əhatə edir. Önəmli məqamlardan biri iqtisadi, ticarət, diaspor və parlament arasında olan münasibətlərin inkişafına da töhfəsini verəcək.

Digər məqam ondan ibarətdir ki, Türkiyə və Azərbaycan arasında olan münasibətlər, eyni zamanda, onların təmsil etdiyi regional və beynəlxalq təşkilatlarda da vahid nöqtədən çıxış etmədə də öz təsirini göstərəcəkdir. Bəyannamədə bundan sonra həm regional və qlobal təhdidlərə cavab nöqteyi-nəzərindən, həm də xarici siyasət kursunun formalaşmasında maraqların kəsişməsi baxımından mütləq şəkildə mövqelərin dəqiqləşdirilməsi və kordinasiyası ilə bağlı razılıq əldə olunmuşdur.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək zirvəyə çatdığını nümayiş etdirən siyasi və strateji sənəddir. Bu bəyannamə qardaşlıq əlaqələrinin hüquqi əsasını təşkil etməklə yanaşı, gələcək nəsillərə bir yol xəritəsi təqdim edir.

Regionun sabitliyi, inteqrasiyası və inkişafı baxımından bu sənədin əhəmiyyəti getdikcə daha da artır. Azərbaycanın və Türkiyənin müttəfiqliyi artıq yalnız iki ölkənin məsələsi deyil, bütövlükdə Türk dünyasının və Avrasiya məkanının sabitliyi üçün mühüm bir amilə çevrilmişdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90