Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində bir sıra mühüm görüşlər keçirib.
Korrekt.az xəbər verir ki, səfər proqramı çərçivəsində keçirilən görüşlərdən biri Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci çağırış Ankara millət vəkili, TBMM-in Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyasının sədri, Türkiyənin keçmiş əmək və sosial müdafiə naziri, Prezidentin Sosial Siyasətlər üzrə Baş Məsləhət Şurasının üzvü, akademik Vedat Bilgin ilə baş tutub.
Görüşdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Səbinə Salmanova, Qərbi Azərbaycan Qadınlar Şurası üzvü, Bakı Dövlət Universitetinin fəlsəfə doktoru, müəllimi Xatirə Mehdiyeva ve millət vəkili köməkçisi, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva da iştirak ediblər.
Səmimi və məhsuldar şəraitdə keçən görüş zamanı Azərbaycan–Türkiyə münasibətlərinin strateji mahiyyəti, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi, türk dünyasında siyasi və humanitar inteqrasiyanın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həmçinin sosial siyasət, əmək bazarının çağırışları, ailə institutunun qorunması və gənclərin sosial rifahının artırılması istiqamətində qarşılıqlı təcrübə müzakirə olunub.
Görüşdə bir daha vurğulanıb ki, Azərbaycan və Türkiyə arasındakı “Bir millət, iki dövlət” prinsipi yalnız siyasi müttəfiqlik deyil, həm də ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulmuş sarsılmaz qardaşlığın təzahürüdür.
Tənzilə Rüstəmxanlı Türkiyə ilə parlamentlərarası əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, qarşılıqlı dialoq və təcrübə mübadiləsinin gələcək əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib.






















