Milli Məclisin üzvü Cavanşir Feyziyev Ermənistanda qarşıdan gələn seçkilərlə bağlı vəziyyəti şərh edərək bildirib ki, bu proses ölkə tarixinin ən gərgin siyasi mərhələlərindən biri kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, seçkilər ərəfəsində qanunsuz maliyyələşdirmə və saxtalaşdırma cəhdlərinin olması gözləniləndir.
Deputat qeyd edib ki, hazırda Ermənistanda həm daxili siyasi konsensus yoxdur, həm də rəqabət pik həddə çatıb. Bununla yanaşı, seçki prosesinə xarici müdaxilə ehtimalları da yüksəkdir. Feyziyev vurğulayıb ki, bu müdaxilələr təkcə bir istiqamətdən deyil – həm Rusiya, həm Avropa, həm də xaricdə fəaliyyət göstərən erməni diasporu tərəfindən mümkündür.
Onun fikrincə, xüsusilə Rusiyada yaşayan və həm Ermənistan, həm də Rusiya vətəndaşlığına malik şəxslər seçkilərin nəticələrinə təsir göstərmək potensialına malikdir. Bu kontekstdə Rusiyanın Ermənistan seçkilərinə marağı və hazırlığı da diqqət çəkən məqam kimi qiymətləndirilir.
Deputat əlavə edib ki, ölkədə sosial vəziyyətin zəif olması seçki prosesində rüşvət və maliyyə təsir imkanlarını artırır. Bununla belə, beynəlxalq müşahidə missiyalarının, xüsusilə Avropa qurumlarının iştirakı seçkilərin tam şəkildə saxtalaşdırılmasını çətinləşdirə bilər. Lakin o hesab edir ki, saxtalaşdırma halları daha çox xaricdə yaradılan seçki məntəqələrində baş verə bilər.
Cavanşir Feyziyev Qərb mətbuatında yer alan, baş nazir Nikol Paşinyanın seçkiləri saxtalaşdıra biləcəyi ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə, bu cür iddialar əslində Paşinyanın qələbə ehtimalının yüksək olması ilə əlaqələndirilə bilər və eyni zamanda seçki prosesinə təsir göstərmək cəhdi kimi də qiymətləndirilə bilər.
Deputat qeyd edib ki, Ermənistan daxilində Paşinyanı dəstəkləyən elektorat üstünlük təşkil etsə də, xarici təsirlər seçkilərin nəticəsinə ciddi şəkildə təsir edə bilər. O, həmçinin vurğulayıb ki, seçkilərdən sonra ölkədə koalisiya hökumətinin qurulması ehtimalı yüksəkdir, çünki heç bir siyasi qüvvənin mütləq üstünlük qazanması real görünmür.
Konstitusiya ilə bağlı məsələyə toxunan Feyziyev bildirib ki, yeni konstitusiya mətninin hazır olması mümkündür, lakin onun seçkilər ərəfəsində ictimai müzakirəyə çıxarılması məqsədəuyğun sayılmır. Onun sözlərinə görə, bu addım siyasi gərginliyi daha da artıra bilər və buna görə də müzakirələrin seçkilərdən sonraya saxlanılması daha düzgün yanaşmadır.
Sonda deputat qeyd edib ki, hazırkı mərhələdə Ermənistan cəmiyyətinin əsas diqqəti konstitusiya dəyişikliklərindən daha çox seçki prosesinə yönəlib və bu məsələ yalnız seçkilərdən sonra yenidən gündəmə gələ bilər.
Daha ətraflı videoda:






















