image-rt-reklam
image-1backend

SOS: Avtobus sürən narkomanlar – xəbərdarlıq

image-728x90

Niyə bu cür hallarda məsuliyyət Cinayət Məcəlləsinə keçmir? – qanunda boşluqlar, yoxsa…
Masallıda baş verən hadisə yenidən ictimaiyyətin diqqətini yol təhlükəsizliyi və qanunvericilikdəki boşluqlara yönəldib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərərkən saxlanılıb. Polis əməkdaşlarının diqqətini şübhəli davranışlara görə çəkən sürücü tibbi müayinədən keçirilib və narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Məhkəmə qərarı ilə Qadir Kərimov cəmi 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Bu qərar suallar doğurur:

Onlarla insanın həyatını təhlükəyə atan şəxs üçün 1 aylıq həbs yetərlidirmi? Niyə bu cür hallarda məsuliyyət Cinayət Məcəlləsinə keçmir? Qanundakı boşluqlar belə faciələr üçün yaşıl işıq yandırmırmı?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı  deyib ki, burada söhbət sadəcə yol hərəkəti qaydalarının pozulmasından getmir: “Narkotik təsiri altında olan bir avtobus sürücüsü, üzərində hüquqi icazəsi olmadan, faktiki olaraq hər an böyük bir qətliam törədə bilər. Bu, təkcə sərnişinlərin deyil, digər yol istifadəçilərinin də həyatını riskə atır. Qanunvericilikdə belə hallar əsasən inzibati xətalar sırasında qiymətləndirilir. Yalnız faciəvi nəticə baş verdikdə cinayət məsuliyyəti tətbiq olunur. Yəni təhlükəli niyyət yox, başa gəlmiş faciə əsas götürülür. Digər tərəfdən Narkomaniyanı və dəliliyi müəyyən edən həkimlərdir. Yəni bu xəstəlikləri yol polisi, yaxud da nəqliyyat müfəttişi, digər strukturun əməkdaşları üzə çıxarmır. Həkimlər 80-100 manata sağlamlıq arayışı verirsə, buna polis nə etsin? Bu gün poliklinikaların bir çoxunda açıq şəkildə bazarda olduğu kimi alver gedir. Sağlamlıq haqqında arayışları 80-100 manat müqabilində satırlar. Təbii ki, ora gedən sürücü şikayətinin olduğunu demir. Həkim də yazır ki, heç bir şikayəti yoxdur. 80 manatı alır, 40 manat dövlət rüsumunu ödəyir, qalanını da özünə saxlayır. Qanunvericilikdə boşluqlar var. Taksi şirkətləri sürücüdən arayış tələb edir ki, həkimdən arayış alsınlar. Onlar da gedib pulla alıb gətirirlər. Buna taksi şirkəti nə etməlidir? Arayışı verən strukturdan soruşmaq lazımdır ki, bunu niyə verirsiniz? Tibbi müayinə və tibbi sağlamlıq arayışı fərqli anlayışlardır. Sürücülərin tibbi müayinəsi gündəlik həyata keçirilməli olan prosedurdur. Amma sağlamlıq haqqında arayış ilkin sənəddir. Sürücü olmağa hazırlaşan şəxs sağlamlıq haqqında arayış almalıdır. Ortada hansısa bir mənəviyyatsız, yaramaz bir həkim, poliklinika saxta arayış verir, bu cür hadisələrin yaranmasına zəmin yaradır. Ölkə rəhbərindən tutmuş baş nazirə qədər, deputatlar, nazirliklər əziyyət çəkərək bu boyda məsələni qaldırdılar. Bu işin qarşısında bir həkim ölkəyə nə qədər ziyan vurur. Qurumlar buna nə etsin?”

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyir ki, içkili, narkotikin təsiri altında sükan arxasına keçən sürücünün əlində avtobus hərəkətdə olan potensial kütləvi qətl alətidir: “Nazirlər Kabinetinin qərarına əsasən, sürücü olan hər şəxs işə düzələrkən və sonra dövri olaraq tibbi yoxlanışdan keçməlidir. Amma qanunun yazıldığı kimi icra edilməməsi problemlər yaradır. Azərbaycanda qəbul edilən qanunlar dünyada olanlardan heç də geri qalmır. Çünki hüquqda belə bir qayda var, qanun hərfi mənada tətbiq edildikdən sonra onun təcrübədə hansısa boşluğunun olduğu ortaya çıxır. Qanun tətbiq edilməyəndə boşluğun olub-olmadığını müəyyənləşdirmək çətin olur. Qanunda qeyd edilib ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs yeni qaydalara əsasən buraxılış kartı əldə etməlidir. Bunun üçün həmin şəxsin sağlamlığı əhatəli olaraq yoxlanılmalıdır. Psixi-nevroloji yoxlanışdan keçdikdən sonra onun taksi fəaliyyətində çalışıb-çalışmaması müəyyənləşir. Sözsüz ki, bu qaydalar işləsə, müntəzəm tibbi yoxlamalar aparılsa, nəzarət olunsa, bu kimi hallar baş verməz. Eyni zamanda bu hal fəaliyyət prosesində də aşkarlana bilər. Hər hansı şəxsin müəyyən tarixdə sağlamlıq haqqında arayış alması onun tam və daim sağlam olması demək deyil. Elə xəstəliklər və psixi durum var ki, onları aşkara çıxarmaq uzunmüddətli müşahidə tələb edir. Kobud qayda pozuntuları, davranışları şəxsin normal olmadığına dəlalət etsə, onun təkrar yoxlanışa cəlb edilməsi ilə bağlı da mexanizm olmalıdır. Narkoman, spirtli içki həvəskarı olan sürücülər cəzalandırılmaqla yanaşı gələcəkdə ictimai nəqliyyatın sükanı arxasına buraxılmamalıdır”.

Cinayət Məcəlləsinə xüsusi maddə əlavə olunmalı, narkotik və ya spirtli içki təsiri altında ictimai nəqliyyat idarə edənlərə azı 2 il həbs cəzası nəzərdə tutulmalıdır. Sürücülük hüququ olmayan şəxsin avtobus idarə etməsi ayrıca cinayət tərkibi kimi tanınmalı, nəqliyyat şirkətləri belə şəxsləri işə götürdüyünə görə lisenziya itirməlidirlər. Sürücülər ildə azı 2 dəfə məcburi narkotik və alkoqol testindən keçməlidirlər. Avtobusa minməklə həyatını sürücüyə əmanət edən insanları təhlükəyə atan şəxsin 1 aylıq inzibati həbsə alınması əmələ adekvat qərar deyil”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90