“Brüssel və ABŞ istisna olmaqla, hamı Cənubi Qafqazda sabitlik istəyir”. “Yeni Müsavat”ın xəbərinə görə, belə bir iddianı amerikalı iqtisadçı və dövlət siyasəti üzrə analitik Cefri Saks irəli sürüb. Saksın fikrincə, Cənubi Qafqaz üçün strategiya şimalı, cənubu və şərqi qərblə birləşdirən sabit, təhlükəsiz və dinc dəhliz olmaqdır. Sənayenin, qabaqcıl texnologiyanın, kənd təsərrüfatının, turizmin və istehsalın bütün növlərini inkişaf etdirmək üçün əla yerə çevrilməkdir.
“Gələcək budur. Sual isə ona necə gedib çatmaqla bağlıdır. Və bu yol NATO-dan keçmir. Cənubi Qafqazda hər kəsə aydın olmalıdır ki, bölgənin heç bir ölkəsi heç vaxt NATO-ya üzv olmayacaq. Çünki buna qədər orada müharibə olacaq. Rusiya buna heç vaxt icazə verməyəcək”, – amerikalı ekspert qeyd edib.
Onun qənaətincə, “ABŞ təxribat yaratmasa, Rusiya Cənubi Qafqazı işğal etmək fikrində deyil”. Niyə?
“Çünki regionda çoxlu mühüm regional güclər var. Türkiyə və İran Rusiyanın işğalını istəmir. Rusiya istərdi ki, Cənubi Qafqaz bu güclər arasında bir növ təhlükəsizlik zonasına çevrilsin. Çin də yeri gəlmişkən, Cənubi Qafqazda sabitlikdə çox maraqlıdır, çünki o, Şərq-Qərb kommunikasiyası üçün əsas dəhlizdir və hamının başa düşdüyü kimi, bu, Çinin əsas məqsədidir. Brüssel və ABŞ istisna olmaqla, hamı Cənubi Qafqazda sabitlik istəyir”, – Saks əlavə edib.
Belə çıxır, bütün layihələr Rusiya ilə razılaşdırılmalıdır ki, bölgədə sabitlik olsun? Kremlin regiona təsir imkanlarının perspektivi necə görünür?
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli amerikalı analitikin fikirlərini bölüşmür. Onun fikrincə, Cənubi Qafqaz ölkələri Rusiyanın koloniyası deyil və hər bir dövlətin strateji seçim etmək hüququ var. Partiya mənsubunun sözlərinə görə, ABŞ şirkətinin Zəngəzur dəhlizinə nəzarət etməsi bölgədə sabitliyə daha çox xidmət edə bilər, çünki iqtisadi divident marağı olan tərəf heç zaman stabilliyin pozulmasını istəməz:
“Rusiya bu yola nəzarət etsəydi, tez-tez insidentlər, təxribatlar baş verəcəkdi. Bu da Rusiyanın Azərbaycanla Ermənistan arasında problemi saxlamaq niyyətindən irəli gəlir. Əgər Bakı və İrəvan sülh razılaşması üçün uzaq Birləşmiş Ştatları seçirsə, deməli, yaxında olan Moskva səbəbi özündə axtarmalıdır. Ümumiyyətlə, Rusiya düşünməlidir ki, postsovet respublikaları niyə ondan qaçır? Moldova, Gürcüstan, Ukrayna, MoldovaEAzərbaycan da ondan xeyli uzaqlaşıb. Çünki xalqlara və dövlətlərə yaxşı təkliflərlə yaxınlaşmır.
Ona görə də Rusiya bölgədə dayanıqlı təhlükəsizliyin qarantiyası ola bilməz. İran da dəhlizin açılmasına qarşıdır və bu günlərdə Vilayəti Ermənistanı xəbərdar edib. Deməli, regionun iki ölkəsi Cənubi Qafqazda əbədi sülhdə istəkli deyil. Amma Çinin bizim regionun inkişafında maraqlı olduğunu söyləyə bilərəm”.
O ki qaldı NATO üzvlüyünə, S.Əsədli hesab edir ki, heç bir Qafqaz dövləti belə niyyət ortaya qoymayıb: “Azərbaycan bloklara qoşulmamaq siyasəti yürüdür, amma alyansla da əməkdaşlıq edir. Ermənistan və Gürcüstan da əməkdaşlığı davam etdirir, lakin NATO-ya üzvlük real deyil. Rusiya bundan arxayın ola bilər. Amerikalı təhlilçi ola bilsin ki, Ukraynanın NATO-ya üzvlük istəyinin onun üçün hansı nəticələrə gətirib çıxardığını demək istəyib. Yəni Qafqaz ölkələri də alyansa qoşulmaqda həvəsli olmasalar, bölgə dinc həyat sürər, Rusiya qəzəblənməz”.
VHP sədrinin müavini bildirib ki, intəhası, Rusiya Qərblə “soyuq müharibəsi”nə görə qonşularını cəzalandırmaq siyasəti yürütməklə heç zaman bu ölkələri və xalqları qazana bilməyəcək: “Ona görə də doktrinasına dəyişiklik etməlidir. Hərbi təcavüzlə ölkələri Avrointeqrasiya və NATO-ya qoşulmaq yolundan çəkindirmək mümkün deyil. Nəticə bəllidir – Rusiya Ukraynanı itirdi. Odur ki, Moskva özü ətrafına qarşı yaxşı olmalıdır, onu təhdid etməməlidir, təzyiq altında saxlamamalıdır. Bu halda, regiona kənar qüvvələr gəlməz, ABŞ və Avropa Birliyi postsovet respublikaları üçün cəlbedici olmaz. Deməli, yaxın qonşu pisdir ki, uzaq Qərbi seçirlər”.“Yeni Müsavat”