image-rt-reklam
image-1backend

Kiyevdə keçirilən “Ölüm matçı” – meydançadan edama gedən yol

image-728x90
1942-ci il avqust ayında Kiyevin “Start” stadionunda eyniadlı futbol komandası ilə Almaniyanın “Flakelf” komandası arasında matç baş tutub. Qarşılaşma 5:3 hesabı ilə “Start”ın xeyrinə başa çatıb. Bu görüş onilliklər boyu “Ölüm matçı” adlanıb və deyilib ki, Almaniya komandası “ari ruhunun gücünü” nümayiş etdirmək üçün qələbə qazanmaq niyyətində olub. “Start”ın oyunçuları almanların planlarına mane olacaqları təqdirdə ağır cəza ilə üzləşəcəklərinə dair hədələniblər. Lakin futbolçular nasistlərdən qorxmadan qalib gəliblər və bunun nəticəsi ağır olub.

1941-ci il iyunun 22-də Kiyevdə yeni respublika stadionunun təntənəli açılışı gözlənilib, lakin Almaniyanın SSRİ-yə hücumu bütün planları pozub. 1941-ci ilin sentyabrında idarəsiz qalan sovet qoşunları Kiyev yaxınlığında ağır məğlubiyyətə uğrayıb. Ukraynanın paytaxtı tezliklə faşistlərin əlinə keçib. Almanlar öncə əhali arasında rəğbət qazanmaq üçün şəhərdə dinc həyat görüntüsü yaratmağa başlayıb. O cümlədən, idman yarışlarının təşkili də qərara alınıb.

scale_2400 (2).jpeg (63 KB)

1942-ci ilin yazında 1 saylı çörək zavodunun direktoru İosif Kordiç “Start” adlı futbol komandası təşkil etmək qərarına gəlib. O, müharibədən əvvəlki illərdə SSRİ çempionatında, o cümlədən Kiyev “Dinamo”sunda çıxış etmiş bir sıra futbolçuları zavodda işlə təmin edib və eyni zamanda komandaya götürüb.

Onların bəziləri SSRİ tərəfindən döyüşüb, əsir düşüb və sonra etnik ukraynalılar kimi almanlar tərəfindən azad edilib, bəziləri isə Kiyevi tərk etməyə vaxt tapmadan sadəcə olaraq işğal edilən torpaqlarda qalıb. 1942-ci il iyunun 7-də “Start” ilk oyununu “Rux” komandasına qarşı keçirib. Oyun 7:2 hesabı ilə “Start”ın xeyrinə başa çatıb.

İyunun 21-də “Start” Macarıstan qarnizonu komandasını 6:2, iyunun 28-də isə Almaniya artilleriya komandasına 7:1 hesabı ilə qalib gəlib. İyulun 5-də Ukraynanın “Sport” komandası da böyük hesabla darmadağın edilib – 8:2. 1942-ci il iyulun 17 və 19-da “Start” Vermaxtın hərbi dəmiryol komandasını (6:0) və Macarıstan hərbi hissəsinin komandasını (5:1) məyus edib.

scale_2400 (1).jpeg (79 KB)

Kiyev azarkeşləri matçlara toplaşmağa başlayıblar və onlar oyunları işğalçı hakimiyyətin istədiyindən fərqli qəbul ediblər. Özü də, sovet rejimi ilə bağlı olan qırmızı köynəklər vəziyyəti daha qızışdırıb. İyulun 26-da “Start” yenidən macarları 3:2 hesabı ilə məğlub etdikdən sonra almanlar daha ciddi rəqibi meydana çıxarmaq qərarına gəliblər.

Həbslər və edamlar

İlk oyununu avqustun 6-da keçirən Almaniyanın “Flakelf” hərbi komandası meydandan məğlub ayrılıb. “Start” yenə qalib gəlib – 5:1. Revanş görüşü avqustun 9-na təyin edilib. Almanlar kobudluq edərək çox sərt oynayıblar. Start 3:1 hesabı ilə öndə olsa da, nasistlər nəticəni bərabərləşdiriblər. Lakin hakimin də nasistlər tərəfindən olması matçın taleyini dəyişməyib – 5:3. Ukraynalı oyunçular repressiyalarla hədələnsə də, rəqib məğlub edilib.

scale_2400.jpeg (158 KB)

Bundan sonra “Start”ın Almaniya komandaları ilə oyunları qadağan edilib. Klubun son oyunu 1942-ci il avqustun 16-da “Rux”a qarşı olub və yenə də qələbə ilə yekunlaşıb – 8:0. İki gündən sonra Nikolay Truseviç, Mixail Pustinin, İvan Kuzmenko, Aleksey Klimenko, Makar Qonçarenko, Fyodor Tyutçev, Mixail Sviridovski, Vladimir Balakin və Pavel Komarov çörək zavodunda həbs ediliblər. Onların hamısı avqustun 9-da almanlarla matçın iştirakçıları olub. Sonra oyunun daha bir neçə iştirakçısı səbəbsiz yerə saxlanılıb.

scale_2400 (4).jpeg (93 KB)

Həbs səbəbləri hələ də sual altındadır. Ehtimal olunur ki, guya keçmiş “Dinamo”çular SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşları kimi qələmə verilib və onlar işğal olunmuş ərazilərdə Almaniyaya qarşı fəaliyyət göstəriblər. Məsələn, avqustun 9-da keçirilən oyunun iştirakçısı, futbol üzrə SSRİ çempionatlarının mükafatçısı Nikolay Korotkix SSRİ Xalq Daxili İşlər Komissarlığının “əməkdaşı” olduğu üçün nasistlər tərəfindən həbs edilib. O, işgəncələrə məruz qalıb və sonda edam edilib. 1943-cü ilin fevralında isə Nikolay Truseviç, Aleksey Klimenko və İvan Kuzmenko həbs düşərgəsində güllələniblər.

scale_2400 (5).jpeg (182 KB)

1942-ci il avqustun 9-da SSRİ-də keçirilən qarşılaşmada iştirak edənlərdən bəziləri 1960-cı illərdə qəhrəman kimi tanınıb və medallarla təltif olunublar. Bəziləri isə müharibədən sonra “vətən xaini” adı ilə “QULaq”lara göndəriliblər.

Almaniyada prokurorluq 1970-ci illərdən bəri “Ölüm maçı” hekayəsini araşdırıb və belə nəticəyə gəlib ki, futbolçuların almanları məğlub etdikləri üçün güllələnməsinə dair heç bir dəlil aşkarlanmayıb. Halbuki, həmin dövrdə Kiyevdəki ideoloji vəziyyətdən xəbər tutan almanlar ukraynalı futbolçuları meydandan birbaşa olmasa da, dolayı yolla edama aparıblar.

İlkin Nəcəf

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90