image-rt-reklam
image-1backend

Beynəlxalq axtarışda olan oliqarx Kremlin yüksək dairələri ilə görüşüb – şok araşdırma

image-728x90

Moldova və Rusiya tərəfindən İnterpol xətti ilə axtarılan milyarder Vladimir Plahotnyukun Moskvada Kreml məmurları ilə gizli görüşləri ifşa olunub. The Insider-in araşdırması, qaranlıq danışıqların detallarını üzə çıxararaq onun bu günədək cəzasız qalmasının səbəblərini aydınlaşdırmağa çalışır.

İllərlə Moldova siyasətində əsas fiqur kimi tanınan Vladimir Plahotnyuk, ölkənin siyasi, hüquqi və iqtisadi sistemini nəzarətə götürərək “ölkənin sahibi” kimi adlandırılırdı. 2019-cu ildə hakimiyyətini itirdikdən sonra ölkədən qaçan Plahotnyuk barəsində milyardlarla dolların yuyulması, narkotik şəbəkələrinin qurulması və sifarişli qətllərlə bağlı cinayət işləri açılıb.

Buna baxmayaraq, The Insider-in əldə etdiyi sənədlər – pasport nüsxələri, uçuş qeydləri və telefon dinləmələri – onun Rusiyaya dəfələrlə səfər etdiyini sübut edir. O, “Mixail Tauşanov” adı ilə Moskvaya gəlmiş, burada adi vətəndaş kimi yox, yüksək rütbəli Kreml nümayəndələri ilə görüşmüşdür.

Araşdırmaya əsasən, Plahotnyukun Rusiyadakı əsas əlaqə şəxsinin Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak olduğu bildirilir. İlk görüş 2024-cü ilin 4 iyununda baş tutub. O, Dubaydan Moskvaya gələrək “Natsional” otelində üç gün gizli şəkildə qalıb. Oteldə onun üçün fitnes zalı bağlanıb, lakin masajdan imtina etdirilib – moldovalı işçi tərəfindən tanınma təhlükəsinə görə.

Danışıqlarda əsas müzakirə mövzusu Plahotnyukun Moldova siyasətinə qayıdışı olub. Kozak onun keçmişdəki səhvlərini tənqid etsə də, Plahotnyuk Rusiyanın dəstəyi ilə yeni siyasi planlar qurmağa çalışıb.

Bundan sonra görüşlər Minskdə və yenidən Moskvada davam edib. Araşdırmalara görə, Plahotnyuk 2024-cü ilin iyul və oktyabr, 2025-ci ilin mart və aprel aylarında da Rusiyada olub.

Bu görüşlərin fonunda 2024-cü ilin payızında Moldovada keçirilən prezident seçkiləri və Avropa inteqrasiyası ilə bağlı referendum dayanır. Kreml həmin dövrdə ölkədəki avropayönlü kursu dayandırmaq üçün iki paralel siyasi layihəyə dəstək verib: biri açıq şəkildə Rusiya tərəfdarı siyasətçilərlə, digəri isə “Avropayönlü alternativ” adı altında keçmiş Plahotnyuk tərəfdarları ilə.

Moldova xüsusi xidmət orqanları bu layihələrin maliyyələşməsinin kölgə yollarla həyata keçirildiyini iddia edir. Pullar əvvəlcə nəğd şəkildə, sonra isə “Mir” kartları vasitəsilə Transdnestr bölgəsində istifadəyə verilmişdir. Eyni sxemlə İlan Şor da Rusiyadan dəstək alıb.

Plahotnyukun Putinlə də görüşmək planının olduğu iddia edilir. Görüşün baş tutub-tutmadığı bəlli olmasa da, danışıqların Kremlin yüksək səviyyəsində aparıldığı şübhəsizdir.

2025-ci il 22 iyulda Plahotnyuk Yunanıstanda saxlanılıb. Həm Moldova, həm də Rusiya onun ekstradisiyasını tələb etsə də, Kişineuda bu tələbin saxta olduğu və Rusiyanın onu sadəcə “özündə saxlamaq” istədiyi fikri yayılıb.

Moldova polisinin rəhbəri Viorel Çerneukanu bildirib ki, “Rusiya onu cəzalandırmaq üçün yox, qorumaq üçün istəyir – İlan Şor və Artyom Ussun taleyi bunu sübut edir.” Plahotnyukun üzərində 20-dən çox saxta sənəd tapılıb – o cümlədən Ukrayna, Rusiya və Bolqarıstana aid pasportlar. Onlardan biri məhz “Mixail Tauşanov” adına olub.

Plahotnyukun ekstradisiyası ətrafında gedən mübarizə geosiyasi qarşıdurmanın bir parçasına çevrilib. Əgər Yunanıstan onu Moldovaya təhvil verərsə, bu zaman onun Rusiya elitası ilə gizli əlaqələri və uzun illər davam edən siyasi təsiri ifşa edilə bilər. Əks halda, o, Rusiyada “yoxa çıxa” bilər.

Bu olay bir daha sübut edir ki, beynəlxalq axtarışda olan, ağır cinayətlərdə ittiham edilən şəxslər belə, böyük siyasi oyunların fiquruna çevrildikdə, onlara qarşı hüquqi tədbirlər ikinci plana keçir.haqqin.az

Tərcümə Ulusal.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90