image-rt-reklam
image-1backend

Ölü tapılan şairin son küçəsi 

image-728x90

İlk baxışdan bu, quru bir informasiya idi. Amma içində ağır bir boşluq, dərin bir kədər vardı. Çünki şairin ölüm xəbəri həmişə soyuq gəlir — sanki sözün nəfəsi kəsilir. Rus demişkən, köhnə qvardiyadan olanlar bir-bir gedir. Əslində, şairin “köhnəsi-təzəsi” olmur, sözün də olmur. Amma onların gedişi içimizdən bir parça qoparır.

Kəramət Şükürovla şəxsi tanışlığım yox idi, heç vaxt rastlaşmamışdıq. Amma imzasını çoxdan tanıyırdım. İstedadlı idi, misralarından özü boy verirdi.

1980-ci ildən mətbuatda görünməyə başlamışdı. Qəzetlərdə, jurnallarda çalışarkən bir məqsədi vardı — sözün adını uca tutmaq. Sözü ucuzlaşdırmadan, əlindən möhkəm tutaraq bu günə gətirib çıxarmışdı. Çörəyini sözdən çıxarır, çörəyi sözdən çıxan qədər də sözdən möhkəm yapışırdı.

Bir şeirində dünyanın əyilən tərəflərini, insanın sınan ürəyini belə ifadə etmişdi:

Əyilir, əyilir bu Yer kürəsi,
Üstündə ağacı, quşu əyilir.
Birinin qulağı, birinin gözü,
Yüzünün, mininin işi əyilir.

Başqa bir misrasında isə insanın torpağa və günaha batdıqca necə əyildiyini söyləmişdi:

Torpağa batdıqca, əyilir baş daşları.
Günaha batdıqca əyilir adam.

Onun ölüm xəbəri gələndə, nədənsə sözə bənd olanlar bu sadə həqiqəti belə doğru yaza bilmədilər. “Küçədə ölü tapılıb” dedilər. Halbuki o, küçədə “ölü” tapılmamışdı. Ölümün “adisi” olmur, ölüm bütün hallarda ölümdür. O, küçədə dünyasını dəyişmiş halda tapılmışdı.

Bu fərq təkcə dil qaydası deyil, həm də şairə, köhnə qvardiyaya hörmətdir. Onsuz da ölüm qaşla göz arasındadır; dünən salam verdiyin adamın səhərisi telefon nömrəsinin əbədi bağlı qaldığını görürsən.

Kəramət Şükürov bir misrasında sanki öz taleyini əvvəlcədən duymuşdu:

Atılıb getməkdən kimsə ölmədi,
Gedəcək yerim yox getmək yerinə.
İlahi söz gəzdim, tapa bilmədim
“Mən səni sevirəm” demək yerinə.

Şair getdi. Söz isə qaldı. Amma hər dəfə belə xəbərlər gələndə anlayırsan ki, sözün də qəribliyi, yetimliyi var. Şairlərin yetimliyi isə lap ağırdır. Ruhunu küçədə tapşıran adam, Tanrı dərgahındakı ən təmiz küçədə özünə bir yer tapsın. Baxmayaraq ki, sən ruhunu asfaltı istidən qızmış, küçələri dar bir şəhərin ortasında tapşırdın — biz isə indi o dar küçədən səni səssiz-səmirsiz ötürdük.

Savalan Talıblı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90