Arvadının üzərinə “kislota” tökən şəxs hakim qarşısına çıxarılıb. Cinayət işi materiallarında hadisənin maraqlı təfərrüatı məlum olub. Təqsirləndirilən şəxsin psixiatriya xəstəxanasından qaçdığı bildirilir.
Ulusal.az xəbər verir ki, Gəncədə 44 yaşlı Anar xuliqanlıq, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinərək həbs edilib.
Anar gözəllik salonunda işləyən arvadı Nərminənin yanına gedərək onunla mübahisə edib. Əlində olan “kislota”nı onun üzərinə atıb. “Kislota” Nərminin üzünə töklüməsə də, bədəninin müxtəlif nahiyələrini yandırıb.
Təqsirləndirilən Anar ifadəsində deyib ki, arvadı ilə uzun müddətdir münasibətləri normal olmayıb. İddiasına görə, arvadı ondan şikayət edərək psixi xəstəxanaya saldırmağa nail olub:
“1 il 9 ay qanunsuz olaraq psixi xəstəxanada saxlatdırdı. Çıxdıqdan sonra ətrafdakılar Nərminəni cavan oğlanla gördüklərini dedilər. Hadisədən 1 ay əvvəl ona dedim ki, özünü yığışdır. Buna əsəbiləşərək özümlə “kislota” götürüb həmin salona getdim. Oradan hər kəsin uzaqlaşdığını gözlədim və “kislota”nı onun üzərinə atdım”.
Zərərçəkmiş kimi tanınan Nərminə deyib ki, Anarla rəsmi boşanmasalar da, ayrılıblar və əlaqələri tam olaraq kəsilib. Onun sözlərnə görə, Anar Gəncədə müalicə aldığı psixiatriya xəstəxanasından qaçıb:
“İki övladım var. Anar xəstəxanadan qaçıb gələndən mənə şiddət göstərməyə başladı. Uşaqları götürüb evdən qaçdım. Anarla bütün əlaqələri kəsdim. Anar iş yoldaşımın telefonuna mesaj yazaraq başımızı kəsəcəyini, hamımızı öldürəcəyini demişdi. Bir neçə gün sonra salona gəldi. Onun əlindəki qabı görəndə qaçmaq istədim. Qabağını kəsib əlində olan mayeni üstümə tökdü. Çiyin, kürək və digər nahiyələrimə töküldü. Sonra məni boğmağa və döyməyə başladı. Salonda olan işçilər bizi ayırdı. Mən bir ilə yaxındır müalicə alıram”.
Tərəflər arasında barışıq olmayıb. Məhkəmənin hökmü ilə Anara ittiham olunduğu maddələrlə cəza təyin edilib. Hökmə əsasən, Anar 4 il müddətinə azadlıqdan məhrum edilib.Musavat.com