ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Nimitz” təyyarədaşıyan gəmisi bir neçə döyüş gəmisi ilə birlikdə avqustun 10-da Bəhreynin Manama limanına daxil olub. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, bu səfər əvvəlcədən planlaşdırılıb və 2020-ci ildən bəri Bəhreynə ilk təyyarədaşıyan gəmi səfəridir.
“USS Nimitz” hazırda CENTCOM-un “Task Force 11” donanmasının flaqmanı kimi çıxış edir. Qrupun komandiri admiral Fred Qoldhammer bildirib ki, Nimitzin dayanacağı Bəhreynin bölgədə Amerikanın hərbi əməliyyatları üçün vacib rolunu göstərir.
Newsweek-in peyk görüntülərinə istinadən verdiyi məlumata görə, gəmi Fars körfəzinə daxil olub. Səfər, İsraillə İran arasında baş vermiş 12 günlük gərginlik fonunda baş tutur.
Qeyd edək ki, iyulda Amerika və Bəhreyn mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb. ABŞ dövlət katibi Marko Rubio bu təşəbbüsü bölgə üçün nümunəvi adlandırıb.