Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədri və Prezident Vladimir Putinə yaxın şəxs hesab olunan Kirill Kabanovun Azərbaycana qarşı səsləndirdiyi son bəyanatlar ciddi narahatlıq doğurub. O, Ukrayna ərazisində Azərbaycan neft obyektlərinə “hədəfli zərbələr” endirilməsini təklif edərək, Moskvanın Bakı ilə münasibətlərində gərginliyin açıq siqnalını verib.
Kabanov öz “Telegram” kanalında yayımladığı açıqlamada qeyd edib ki, Azərbaycan artıq Rusiya ilə əvvəlki kimi “dost münasibət” sərgiləmir və əsas tərəfdaş kimi Türkiyə, ABŞ, Böyük Britaniya və Ukraynanı görür. O, bu “yeni kursun” regionun geosiyasi balansını dəyişdiyini və Moskvanın Azərbaycanla bağlı siyasətinə yenidən baxmaq məcburiyyətində qaldığını bildirib.
Sözün açığı, bu, sadəcə narahatlıq ifadəsi deyil — bu, birbaşa təhdiddir. Kabanov yalnız neft obyektlərinə deyil, Rusiya biznesində fəaliyyət göstərən azərbaycanlı diaspor üzvlərinin “kriminal strukturlarla əlaqəli olduğunu” iddia edərək onların fəaliyyətinin dayandırılmasını da tələb edib.
Politoloq Arzuman Muradlı bu çağırışların sadəcə fərdi mövqe olmadığını bildirir. Onun sözlərinə görə, Kabanovun fikirləri Kreml içərisindən, Putinə yaxın çevrələrdən qaynaqlanır:
“Kabanov kimi şəxslər Kremlin mətbəxində bişən fikir və niyyətləri dilə gətirir. Zatulin, Duqin və Rusiya mediasındakı bəzi simalarla birlikdə onlar eyni mərkəzdən qidalanırlar. Bu, Rusiyanın zəifliyinin və çaşqın geosiyasi mövqeyinin göstəricisidir.”
Politoloq bu cür ritorika və təhdidlər Rusiya üçün yalnız təcrid, etimadsızlıq və itirilmiş tərəfdaşlıqla nəticələnəcək:
“Azərbaycan zorla, təhdidlə yönləndiriləcək ölkə deyil. Bakı daim normal və qarşılıqlı hörmətə əsaslanan münasibətlər tərəfdarı olub. Ancaq Azərbaycan Rusiya cinayətlərinin yanında yer ala bilməz.”
Onun fikrincə, Kabanovun bu çıxışı təkcə indiki vəziyyətə dair deyil, həm də gələcəkdə hərbi və siyasi sabotaj ehtimallarına qarşı ciddi hazırlıq siqnalıdır:
“Biz hər an hər şeyə hazır olmalıyıq. Rusiya kimi aqressiv ritorikaya meylli ölkələrlə münasibətdə ayıq-sayıq olmaq, ehtiyatı əldən verməmək zəruridir.”
Politoloq hesab edir ki, Kabanovun çağırışları Rusiyanın qonşularla münasibətlərdə niyə tənha qaldığını açıq şəkildə göstərir.
“Təhdid, şantaj, ittiham və zor — Moskvanın xarici siyasət alətləridir. Ancaq dünya dəyişir, ətraf ölkələr bu dilemadan çıxış yolu kimi qərbyönlü, demokratik və çoxtərəfli tərəfdaşlıqları seçir. Azərbaycanın Rusiya ilə dostluq istəyi heç vaxt qorxuya əsaslanmayıb və bundan sonra da bu cür yanaşmalarla manipulyasiya edilə bilməz.” – deyə Arzuman Muradlı bildirib.